23 Dekabr 2024

Politoloq: ”Rusiya prezidentinin “status” sözünü dilə gətirməsi…”- AÇIQLAMA

“Rusiya – Azərbaycan- Ermənistan dövlət başçıları arasında 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın əsasında hələ ki, yekun sülh müqaviləsi imzalanmayıb. Üçtərəfli 10 noyabr razılaşmasında statusun olacağı haqda nəsə deyilmir, lakin statusun olmayacağı, bu məsələnin birdəfəlik gündəmdən çıxacağı haqda da heç bir müddəa yoxdur”.

Bu sözləri Adalet.az saytına politoloq Nəzakət Məmmədova bildirib. O, “Rusiya Prezidenti Vladimir Putinin ötən gün keçirilən ənənəvi illik mətbuat konfransında söylədiyi:” Dağlıq Qarabağla Ermənistan arasında mütləq quru sərhədi olmalıdır. Buna görə, Laçın dəhlizini yaratdıq. Qarabağın statusu gələcəkdə müəyyənləşəcək” fikrinə münasibətini açıqlayıb:” Bu isə yekun müqavilədə status məsələsinin müzakirəsi təhlükəsi yaradır. Üstəlik, Putinin çıxışında bu məsələni dilə gətirməsi status təhlükəsinin hələ tam sovuşmadığını göstərir. Minsk qrupu həmsədrlərinin də regiona səfərləri onu deməyə əsas verir ki, məqsəd ermənilərə status qoparmağa nail olmaqdır. Minsk qrupunun uzun illər boyu danışıqlar prosesində əsas iki prinsip var idi: Dağlıq Qarabağ ətrafında işğal olunmuş Azərbaycan torpaqlarını bizə qaytarmaq, əvəzində Qarabağa əvvəlcə aralıq statusu vermək, sonra isə referendum yolu ilə Dağlıq Qarabağı birdəfəlik Azərbaycandan qoparmaq. Azərbaycanın təklif etdiyi ən yüksək statusa ermənilər razı olmurdular və ərazini qopararaq məqsədləri tam müstəqil olmaq idi. Azərbaycan artıq hərbi yolla ətraf rayonları işğaldan azad edibsə, Minsk qrupunun yenidən proseslərdə iştirak etmək cəhdlərinin məqsədi yalnız və yalnız status məsələsini gündəmə gətirib onu yenidən danışıqlar predmetinə çevirmək ola bilər. Əks halda, Minsk qrupuna artıq ehtiyac yoxdur. Bunu İlham Əliyev aşkar şəkildə onların üzünə deyib. Görünür, nə Rusiya, nə Minsk qrupunun digər iki həmsədri Azərbaycanın hərbi qələbəsini qəbul etmək istəmir, məğlub Ermənistana status məsələsini gündəmə gətirməklə kömək etmək üçün çalışırlar. Ola bilər ki, Rusiya ermənilərə sovet dövründəkinə oxşar bir status verməyə çalışır. Rusiya Azərbaycanın müstəqillik dövründə Qarabağdakı inzibati-ərazi dəyişikliklərini belə qəbul etmir, öz köhnə sovet xəritələrini və oradakı ərazi bölgüsünü əsas götürürlər. Bununla yanaşı, Rusiya Azərbaycanı status məsələsi ilə bağlı qorxu altında saxlayıb bir çox güzəştlərə nail olmaq istəyir. O cümlədən, 5 ildən sonra sülhməramlıları bölgədən çıxarmağa, Türkiyənin bölgədə rolunu artırmağa, Qərblə yaxınlaşmağa çalışsaq, Rusiya dərhal ermənilərə status verilməsi məsələsini ortaya ata bilər”.

Eləcə də, düşünürəm ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına çalışacaq. Bunun müqabilində status məsələsini gündəlikdən çıxara bilər – deyə politoloq bildirib.

 

Əntiqə Rəşid