22 Dekabr 2024

Polis Bakıda toyun qarşısını alıb, tamada koronavirus xəstəsi çıxıb – VİDEO

Xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Media1.az-a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 85 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Toy sahibləri (qudalar), mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə Nizami RPİ 25-ci Polis Bölməsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış material isə Nizami rayon Məhkəməsinə göndəriləcək. 

İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır.