23 Dekabr 2024

Peyğəmbərlər yurduna səyahət: Üçüncü hissə – FOTOLAR

İsrail: səmavi dinlərin müqəddəs məkanı, dünya irsi inciləri, hərbi postlar və təmas xətləri

Yerusəlimdə (Qüds) turistləri ən çox cəlb edən yer şəhərin şərq tərəfində yerləşən köhnə hissəsidir (Köhnə şəhər). Köhnə şəhərin hazırkı divarları Osmanlı sultanı Süleyman Qanuninin dövründə salınıb. Artıq günortanı keçirdi və mən Yaffa qapısından keçərək şəhərə daxil oldum. Köhnə şəhər dörd kvartala bölünüb: müsəlman, xristian, yəhudi və erməni.

İlk ziyarət etdiyim yer kral Davudun məqbərəsi oldu. Burada yəhudilər öz dini ayinlərini yerinə yetirir, dini ədəbiyyat oxuyurlar. Deyilənə görə, məhz bu binanın üst qatında İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə birlikdə məşhur şam yeməyini yeyib.

Köhnə şəhər 1981-ci ildən UNESCO-nun dünya irsinin inciləri sırasındadır. Şəhərin daş plitəli küçələri ilə hərəkət edərkən, sanki xəyali tarixin əvvəlki dövrlərinə gedirdim. Şəhərin xeyli hissəsi qapalı bazar formasındadır. Dar küçələrlə dolanaraq xristian kvartalına gəldim və Müqəddəs Yelena küçəsinə çatdım. Burada iki dini tikili üzbəüzdür: Müqəddəs məqbərə kilsəsi və Ömər məscidi.

Müqəddəs məqbərə kilsəsi Xristianlığın ən müqəddəs yeri hesab edilir. “İncil”ə görə, kilsənin yerləşdiyi ərazidə İsa peyğəmbər çarmıxa çəkilib, dəfn edilib və sonradan dirilib. Ərazi baxımından çox böyük olan bu dini tikilinin müxtəlif ziyarətgahlarına sahiblik hüququ, əsasən yunan pravoslav kilsəsi, katolik kilsəsi və erməni kilsəsinə, az qisimdə isə Kopt pravoslav kilsəsi (Misir), Suriya pravoslav kilsəsi və Efiopiya pravoslav kilsəsinə məxsusdur.

Dini tikili daxilində müxtəlif kiçik kilsələr, məbədlər, səcdəgahlar, qəbirlər mövcuddur. Ərazinin tam gəzilməsi az vaxt aparmadı. Kilsənin mərkəzində, rotondanın altında, müqəddəs məzar üzərində tikilmiş ibadətgah yerləşir. Burada dini ayinlərin keçirilməsinin vaxtı da müxtəlif konfessiyalar arasında bölünüb. Mən orada olarkən katoliklər dini ayın yerinə yetirirdi. Bundan sonra növbə ilə ziyarətçilər məzarın olduğu mağaraya girməyə başladılar. Növbəyə duraraq mən də oranı ziyarət etdim.

Yerusəlimin Məbəd dağı adlandırılan hissəsi yəhudilərin ən müqəddəs yeridir. İudaizmə görə, ilk insan Adəmin yaradılışı, məhz burada olub. Miladdan öncə X əsrdə yəhudilərin İlk məbədi (Süleyman məbədi) də burada inşa edilib və Yeni Babil çarlığının hökmdarı II Navuxodonosorun Yerusəlimi istila etdiyi zaman təmamilə dağıdılıb.

Sonralar yəhudilər həmin yerdə İkinci məbədi tikiblər. Bu məbəd isə 70-ci ildə Roma sərkərdəsi Tit tərəfindən məhv edilib. Birinci və İkinci məbəd eyni gündə yəhudi təqviminin Av ayının 9-da dağıdılıb və həmin gün (Tişa Beav) yəhudilər tərəfindən matəm günü kimi qeyd edilir.

İkinci məbədin dağıdılması nəticəsində tikilinin divarlarının bir hissəsi salamat qalıb. Hazırda qədim divar qalıqlarının qərb hissəsi (Qərb divarı) yəhudilər üçün çox müqəddəsdir, ziyarət və dua yeridir. Müsəlmanlar yəhudilərin bu divara yaxınlaşaraq ağlamalarını müşahidə edib buranı “Ağlama divarı” adlandırıblar, sonralar bir çox dillərdə də belə əks olunub.

Qərb divarının olduğu əraziyə iki tərəfdən giriş var və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Xüsusi yoxlanışı keçəndən sonra geniş meydana keçdim. 1967-ci il Altı günlük müharibənin nəticəsində İsrail Yerusəlim şəhəri üzərində nəzarəti ələ keçirdikdən sonra, Qərb divarı yaxınlığında yerləşən müsəlman evləri dağıdılıb və bu meydan salınıb.

Divarın sol hissəsi kişilər, sağ hissəsi isə qadınlar üçün ayrılıb. Axşam saatlarına baxmayaraq, xeyli sayda insan buranı ziyarət edir, ayaq üstə və ya kürsülərdə əyləşərək dua edir, bəziləri öz istəklərini yazdıqları kağız parçalarını divarın daşları arasına qoyurdular. Divarın sol tərəfində Uilson alaqapısı var. Bu alaqapıdan keçərək böyük otağa girirsən. Bu qapalı ərazidə də dualar edilir, çoxlu sayda dini kitablar saxlanılır.

Qərb divarı hər biri bir neçə ton ağırlığında olan iri daş piltələrindən ibarətdir. Onların ən irisi divarın torpaq səviyyəsindən aşağıda, tuneldədir. Qərb daşı adlandırılan bu piltənin çəkisi, təxminən 570 tondur və dünyanın ən iri monolit daşlarındandır.

Məbəd dağı müsəlmanlar üçün də müqəddəs sayılır. Qübbətüs-Səhra (ərəbcədən, qayanın qübbəsi) ziyarətgahı burada yerləşir. Bu qədim müsəlman tikilisi VII əsrdə Müəlləq (asılı qalan) qaya daşı üzərində tikilib. Bu daş yəhudi, xristian və müsəlmanlar üçün müqəddəsdir. Yəhudilərə görə, dünyanın yaranışı bu daşdan başlanıb. Xristianlara görə, qiyamət günündə İsa Məsihin taxtı bu daşın üzərində qurulacaq. Müsəlmanlara görə isə, Məhəmməd peyğəmbər bu daşın üzərindən meraca yüksəlib.

Səlibçilər Yerusəlimi ələ keçirdiyi dövrdə bura bir müddət kilsəyə çevrilib. Hazırda məscid kimi fəaliyyət göstərən Qübbətüs-Səhra İslam memarlığının ən gözəl nümunələrindəndir. Səkkizbucaqlı tikilinin divarları rəngli (göy, yaşıl, sarı və s.) çini kaşı mozaika ilə bəzədilib və üzərində qızılı qübbə durur. Binanın daxili dairəvi formadadır və çoxlu sayda sütünlar var. Müəlləq daşı arakəsmə ilə qapadılıb, onun ətrafında namaz qılınır.

Məşhur Əl-Əqsa məscidi isə Qübbətüs-Səhranın yanındadır. Bəzi hallarda onlar səhv salınır. Əl-Əqsa haqqında yazılar veriləndə qızılı qübbəli binanı göstərirlər. Əl-Əqsa İslam dünyasının ən qədim məscidlərindəndir və müsəlmanlar üçün Məscidül-Həram (Məkkə) və Məscidül-Nəbidən (Mədinə) sonra üçüncü ən müqəddəs yerdir. “Quran”da göstərilir ki, Məhəmməd peyğəmbər Məscidül-Həramdan Əl-Əqsa məscidinə merac edib. İslamın ilk dövrlərində Əl-Əqsa məscidi qiblə kimi qəbul olunub. Əl-Əqsanın sahəsi Qübbətüs-Səhradan böyükdür və eyni zamanda 5 min nəfərdən çox insan namaz qıla bilər.

1951-ci ildə məscidin girişində İordaniya kralı Abdulla fələstinli terorçu tərəfindən qətlə yetirilib, 1969-cu ildə isə Avstraliyadan olan xristian sekta üzvü Denis Maykl Rohen məscidi yandırıb. Bu ərazidə mütəmadi olaraq yəhudilər ilə fələstinlilər arasında toqquşmalar baş verirdi. Bu baxımdan İsrail hökuməti müxtəlif dövrlərdə məscidi ziyarət edənlər arasında müəyyən qadağalar (50 yaşdan kiçik kişilər, bütün qadınlar və s.) tətbiq edirdi.

Axşam saatları idi və ziyarətçilər azalırdı. Burada ağır günün yorğunluğunu bir qədər aldım. Həmin gecə İsrail-İordaniya sərhədini keçməli və Ammanda bron etdiyim otelə yetişməliydim. Məsciddə bir fələstinli ilə tanış oldum və sərhədə yaxın yerləşən İerixon şəhərinə getmək barədə maraqlandım. O, bu vaxtı ora getməyin çətin olacağını desə də, yardım edəcəyini söylədi. Bir qədər sonra birlikdə Əl-Əqsanı tərk etdik və köhnə şəhərin müsəlman hissəsinə keçdik. İş gününün sonunda ticarət başa çatır, yır-yığış edilirdi. Dar küçələrlə bir qədər getdikdən sonra, amfiteatr formalı girişi olan Dəməşq qapılarından köhnə şəhəri tərk etdik.

Yerusəlimin, əsasən fələstinlilər yaşayan şərq hissəsində idik. Bir neçə dəqiqə piyada gedib avtovağzala yetişdik. Əvvəldən düşünürdüm ki, Fələstinin inzibati mərkəzi olan Ramallaha gedərək oradan da İerixona yetişim. Lakin bu vaxtı nəqliyyatın olmayacağını dedilər. Son olaraq məsləhət görüldü ki, Azəriyyə (bu yerin mənşəyini soruşsam da, cavabını bilən şəxs olmadı) deyilən yerə gedən avtobusa minim və yolda bir məntəqədə düşərək oradan İerixona gedəcək başqa nəqliyyat tapmaq mümkün olar.

Artıq saat 8-i keçmiş avtobusumuz yola düşdü. 20-30 dəqiqə keçməmiş həmin deyilən məntəqəyə çatdıq. Burada 1-2 taksi vardı və İerixona gedən yox idi. Sərnişinlərini toplayıb yola düşməyə hazırlaşan bir taksi sürücüsü məni arxayın etdi ki, İerixona gedən maşınlar olan yerədək məni aparacaq. Əlacsızlıqdan bunlara qoşuldum və bir xeyli getdikdən sonra demək olar ki, səhralıq bir yerdə yol ayrıcında məni düşürdü.

Yenidən Fələstin ərazisində idim. Gecə saat 9-u ötüb, zill qaranlıq, səhranın ortasında yol qırağında qalmışdım. Tək-tük maşınlar gedir və saxlayan da olmurdu. Hava da bir qədər sərinləmişdi. Yol qırağı ilə bir müddət piyada getməyə və maşınlara əl etməyə başladım. Nəhayət ki, tünd rəngdə bir “JEEP” saxladı və xoş təsadüfdən İerixona gedirdi.

İerixon dünyanın ən qədim şəhərlərindən biri hesab olunur. Bu şəhər Oslo razılaşmalarından sonra İsrail tərəfindən Fələstin idarəçiliyinə verilmiş ilk şəhər idi. Fələstinin digər şəhərlərində olduğu kimi, İerixonda da İsrail və Fələstinin nəzarət etdiyi hissələri arasında müəyyən sərhədlər var. 2020-ci ilin oktyabrında İerixonun tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

İerixondan sərhədə getmək üçün yerli taksiyə mindim. Lakin bir qədər getdikdən sonra, sürücü sərhədə demək olar ki, bir kilometrdən də az qalmış yol ayırıcında maşını saxlayaraq sona qədər gedə bilməyəcəyini dedi. Onun sözünə görə, sərhəd ərazisinə Fələstin fərqlənmə nişanları olan avtomobillərin girişi qadağan idi. Burada maşından düşdükdən sonra elə oradaca “növbətçi” taksinin durduğunu gördüm. İsrail nömrəli bu taksi sərhədə qədər olan qısa məsafəyə məni əvvəlki taksidən bir neçə dəfə baha qiymətə apardı.

Axır ki, İsrail-İordaniya sərhədinə çatmışdım. İki ölkə arasındakı sərhəd 1994-cü il müqaviləsi ilə tənzimlənir və 1967-ci ildən İsrailin nəzarəti altına keçmiş ərazilər üzrə təmas xətti boyu qurulub. Sərhəd keçid məntəqəsi İordan çayı üzərindəki Allenbi körpüsündə yerləşir. Bu körpü Birinci Dünya müharibəsi dövründə, 1917-ci ildə Fələstini tutmuş və “Qüds fatehi” kimi tanınan Böyük Britaniya feldmarşalı Edmund Allenbinin şərəfinə adlandırılıb. Bu sərhədi keçmək üçün müəyyən rüsum tətbiq olunur və bu, sərhəd ərazisinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə xərclərin olması ilə izah edilir.

Artıq saat 10-da çayın üzərindən keçərək İordaniyaya daxil olarkən, uşaqlıq illərim bir anlıq göz önümə gəldi, SSRİ-nin mərkəzi televiziyasındakı xəbərlər və “Vremya” proqramında tez-tez səslənən “Западный берег реки Иордан” ifadəsi yadıma düşdü…

P.S. İsrailə səfərlə bağlı bəzi videolara m_elnur1975 “Youtube” kanalımda izləyə bilərsiniz. Bəyənsəniz, abunə olmağı da unutmayın.

Elnur Məmmədli,xüsusi olaraq AYNA üçün Fotoları təqdim edirik