25 Sentyabr 2022

Pelosi Xankəndinə getmir, Araiklə isə görüşərsə…

Nümayəndələr Palatasının spikerinin gəlişi ərəfəsi sərhəddə təxribatın İrəvanın əvvəldən planlaşdırdığı şübhəsi artır – səbəblər…

Nensi Pelosinin bu gün Ermənistanda nə bəyanatlar verəcəyindən asılı olmayaraq, səfərin bir anlamı var: ermənilərə dəstək. Oturub Paşinyanın saqqalı tökülmüş üzünə baxıb, sudan-havadan qeybət etsə belə, bu Baydenin rəhbərlik etdiyi ABŞ hakimiyətinin erməni sifətini gizlədə bilməz. Pelosi bundan öncə səfərdə olduğu Berlində jurnalistlərə bildirib ki, sentyabrın 17-də erməni əsilli kaliforniyalı konqresmen Ceki Şpeyerin də olduğu nümayəndə heyəti ilə Ermənistana gedəcək. Pelosi səfərlə bağlı təfərrüatlar verməkdən imtina edərək, Konqres üzvlərinin “hədəf olmağı sevmədiyini” söyləyib.

Pelosinin Ermənistana indiyədək səfər edən ən yüksək ABŞ rəsmisi olduğunu qeyd etməliyik. Nümayəndələr Palatasının spikerinin Ermənistana gələcəyi haqda hələ avqust ayından bəzi bilgilər erməni mediasına sızmışdı. Böyük ehtimalla, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Ülyam Börnsün iki ay əvvəl İrəvana mübhəm səfərinin səbəblərindən biri də Pelisinin gəlişi ilə bağlı olub. Bizim üçün Pelosinin belə həssas məqamda gəlişi xəbəri qəfil olsa da, rəsmi Bakı da yəqin ki, məlumatlı idi.

Pelosinin gəlişi ərəfəsi sərhəddə hər iki tərəfin ciddi itlkilər verdiyi təxribatın İrəvanın əvvəldən planlaşdırıldığı şübhəsi var. Ermənistanın özünün qurduğu tələyə düşməsi, 150-yədək itki verməsi ayrı söhbət, amma Pelosinin səfərinə günlər qalmış bu cür qarşıdurma, ondan sonra ermənilərin yaratdığı hay-küy, KTMT-yə, BMT-yə müraciət, Paşinyanın “ay-aman ,qoymayın bizi öldürdülər” deyib, dünyanın dörd bir tərəfinə zəng etməsi bu təxribatın planlaşdırılmış olduğu versiyasını gücləndirir. Yaddan çıxarmayaq ki, Ermənistan müdafiə nazri də bir neçə gün idi ki, Pentaqonda sülənirdi, oradan hansı tapşırıqlar aldığı sərhəd təxribatı ilə bağlı sualları artırmış oldu.

Pelosinin İrəvan səfərinin belə gərgin günlərə təsadüf etməsi Ermənistan və ABŞ administrasiyası üçün iki səbəbdən vacib ola bilərdi. Birincisi, bu, Ağ Evin Ermənistana belə “çətin günlərdə” gələn Pelosinin səfərinin əhəmiyyətini əlbəttə ki, artımış oldu. Bu, Bayden administrasiyasına noyabr seçkilərində demokratalara səs verməkdə hələ də tərəddüd edən ermənilərin və ermənipərəst seçicilərin “mövqeyini qətiləşdirmək” üçün fürsət yaratmış oldu. “Ermənistanı təcavüzdən qorumalı olan Rusiya və KTMT ermənilərə “yox” dedi, amma biz İrəvana ən yüksək səviyyədə dəstəyi göstərdik” mesajının alınması üçün də Paşinyan özününü oda atdı. Rusiyaya kömək üçün məxsusi müraciətə alacağı cavab bəlli idi, amma bu da Vaşinqtonun Moskvadan fərqli olaraq, Ermənistana dəstək verdiyini daha qabarıq göstərməyə hesablanmışdı. Pelosinin Tayvana səfəri ətrafında yaradılmış süni gərginlik, Çinin təhdidlərinə baxmayaraq, “cəsarətli addımı” ona xal qazandırdı. İndi ermənilər də Pelosiyə yenə “ayı xidməti” göstərməyə çalışdı. Axı o, gərginlik səbəbindən səfərini təxirə sala, İrəvana getməyə bilərdi. Amma sərhəddəki hadisələrə və daxili siyasi proseslərə baxmayaraq, Pelosi yenə “cəsarətli addım” ataraq Ermənistana gəlmək qərarına gəldi.

ABŞ düşmənilərinin-Çin və Rusiya liderlərinin iştirakı ilə keçirilən ŞƏT-in Özbəkistan sammitinə Paşinyanın bəhanə gətirərək getməməsi də Pelosiyə mesaj hesab oluna bilər. Ölkəsində onun istefası ilə küçələrdə davamlı mitinq gedəndə Paşinyan bunları vecinə almırdı, xarici səfərlərini təxirə salmırdı. İndi guya itkiləri və sərhəddəki gərginliyi bəhanə edərək Vaşinqtona revarans edərək, Özbəkistana getmədi.

Pelosinin ermənipərəst olması bilinən faktdır, amma onun balans kimi Bakıya gəlməməsi bir yana, Xankəndiyə də getməsi ABŞ-Azərbaycan münasibətlərini ciddi zədələyə bilərdi. O səbəbdən, Pelosi Xankəndiyə getməyəcək, amma onun terrorçubaşı Araik Arutyunyanla görüşə biləcəyi ehtimalı var. İki gün əvvəl İrəvanda daxili müzakirələrdə Araikin Paşinyanın yanında oturdulması da bununla bağlı ola bilər. Araik İrəvana tək getməyib, qondarma “parlamentin” bir neçə nümayəndəsi də onunla İrəvandadır. Pelosi əli azərbaycanlıların qanına batmış Araiklə görüşərsə, Bakının etirazlarını “loyallaşdırmaq” üçün Ağ Evin bəhanə tapması da çətin olmayacaq. Pelosi Tayvana gedəndə Ağ Ev belə açıqlama verdi ki, sən demə, guya Pelosinin səfərinə isti baxmırlar, amma o, müstəqil siyasətçidir, istədiyi yerə gedə, istədiyi adamla görüşə bilər. O səbəbdən Araiklə görüş mümkündür…

Bunu bir dəfə yazmışam, indi Pelosinin səfəri mövzunu aktuallaşdırdığı üçün yenidən xatırlamaqda fayda var. Bir neçə il öncə bizim yüksək çinli məmurlar Rusiyada səfərdə orakən rus diplomatlarla bir süfrə arxasında səmimi söhbət edərkən, Moskvanın Qarabağ siyasətindən gileyləniblər. Ruslar deyiblər ki, haqlısız, amma unutmayın ki, əgər bu bölgə ABŞ-ın nüfuz dairəsində olsaydı, Vaşinqton “arsax”ın müstəqilliyini çoxdan tanımışdı…

Nazim SABİROĞLU