08 Sentyabr 2024

Paşinyanı onun imzası qoruyur: Robert Köçəryan Kremlin qapısı ağzından niyə geri qaytarıldı…

Xəyanətdə suçlanan baş nazir Nikol Paşinyan siyasi rəqiblərini küncə sıxışdırmağa başlayıb; Ermənistan baş naziri artıq özünə o qədər arxayındır ki, siyasi rəqiblərinə verdiyi növbədənkənar parlament seçkiləri barədə vədini geri çəkməkdən belə, çəkinmir…

Cənubi Qafqazda sabitlik və stabillik dövrü başlamış kimi görünür. Bu dövrün davamlı olacağı təqdirdə, regionda intensiv inkişaf perspektivləri ön plana çıxa bilər. Və regionun qısa müddət ərzində dünyanın ən önəmli ticari-iqtisadi zonalarından birinə çevrimə ehtimalı artar.

Üstəlik, bu sıraya Cənubi Qafqazın yaxın gələcəkdə beynəlxalq nəqliyyat-kommunikasiya şəbəkəsi məkanına çevrilə biləcəyini də əlavə etdikdə, bu regionun dünya iqtisadiyyatı üçün nə qədər önəmli bölgə halına gəldiyini təsəvvür etmək çətinlik törətmir. Bu önəmli faktor isə istər-istəməz Cənubi Qafqaz uğrunda mübarizənin daha da intensivləşə biləcəyini proqnozlaşdırmağa imkan verir. Və ona görə də, indi bir çox superdövlətlərin bu regionda maraqlarının çarpazlaşması qətiyyən təəccüblü deyil.

Ancaq bütün bunların baş verməsi üçün regionda davamlı sabitliyin hökm sürməsi, hər hansı silahlı münaqişə ehtimalının olmaması da vacib şərtlərin sırasına daxildir. Bu baxımdan, regionda geoiqtisadi maraqları olan superdövlətlər üçün artıq Cənubi Qafqazda hərbi-siyasi gərginlik faktorlarının dövriyyədə qalması qətiyyən sərfəli deyil. Və bundan sonra belə faktorların ön plana çıxarılma cəhdlərinə yəqin ki, ilk olaraq, həmin superdövlətlərin özləri reaksiya verib, müqavimət göstərməli olacaqlar.

Təbii ki, Cənubi Qafqaz dünya iqtisadiyyatı üçün bu qədər önəmli hala gəlmiş olsa da, bu regionda hələ də “zəif bənd” xarakteri daşıyan bir dövlət təəssüf ki, mövcuddur. Belə ki, Ermənistanda qeyri-stabil situasiya hələ də öz aktuallığını qoruyub, saxlayır. Bu dövlətin siyasi arenasında qeyri-müəyyənlik hökm sürür. Və heç ermənilərin özləri də ölkələrinin gələcəyini doğru-düzgün təsəvvür edə bilmirlər.

Savaşın bitməsindən, Paşinyan hakimiyyətinin kapitulyasiya sənədini imzalamasından nə az, nə çox, düz üç ay keçib. Bu müddətdə Paşinyan hakimiyyəti ictimai qəzəbin əsas hədəfi vəziyyətində fəaliyyətini hələ də davam etdirməyə nail olmaqdadır. Və qeyri-müəyyən situasiyanın əsas səbəblərindən biri də məhz bu amildir.

Məsələ ondadır ki, əgər, normal ölkələrdə bir siyasi qüvvənin fəaliyyətindən əhalinin mütləq əksəriyyəti narazı olarsa, hakimiyyət dəyişikliyi üçün üç aylıq bir zaman intervalı tamamilə yetərli müddətdir. Amma bu, Ermənistan üçün keçərli siyasi variant deyil. Çünki, bu ölkə normal dövlət görüntüsündən və standartlarından çox uzaqdır.

Ermənistanda kimin hakimiyyətə gələcəyi ermənilər tərəfindən həll edilə biləcək məsələ deyil. Bu ölkədə hər şeyi ermənilərin xarici “dostları”, daha dəqiq desək, ağaları həll edir. Hakimiyyət dəyişikliyi ərəfəsində ermənilərin ağalarından hansı daha güclüdürsə, məhz onun istədiyi siyasi qüvvə qalib gəlir.

İndiyə qədər Ermənistanda baş verən hakimiyyət dəyişikliklərində bu ənənə heç vaxt pozulmayıb. Uzun illər Ermənistan üzərində Rusiyanın siyasi iradəsi mütləq xarakter daşıdığından, bu ölkənin rəhbərləri bir qayda olaraq, məhz Kreml tərəfindən təyin olunurdu.

Yalnız sonuncu dəfə Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın oyundankənar vəziyyətə salınması ilə reallaşdırılıb. Və ABŞ-ın “hakimiyyətlər ixrac edən mərkəz”lərindən biri olan Soros Fondu indiki baş nazir Nikol Paşinyanı iqtidara sahibləndirə bilib.

Ancaq indi Ermənistan cəmiyyəti savaşda məğlubiyyətin əsas günahkarı hesab etdiyi baş nazir Nikol Paşinyandan demək olar ki, yekdilliklə narazıdır. Ancaq qəribə də olsa, üç aylıq bir zaman kəsiyində xəyanətdə suçladığı bir baş naziri yerindən tərpədə bilməyib.

Təbii ki, bunun olduqca ciddi səbəbləri mövcuddur. Həmin səbəblər neytrallaşdırılmayacağı müddətdə baş nazir Nikol Paşinyan Ermənistanı idarə etməkdə alternativsiz qalacaq.

Birinci səbəb “Soros”un hakimiyyətə gətirdiyi baş nazir N.Paşinyanın hazırda hər kəsi qane etməsi ilə bağlıdır. Belə ki, Kremldə baş nazir Nikol Paşinyana nə qədər qıcıq olsalar da, 10 noyabr sənədinin imzalanmasından sonra mövcud hakimiyyətin davam etməsi Rusiyanın regional maraqları üçün böyük önəm daşıyır.

Çünki, baş nazir Nikol Paşinyan düşdüyü ölkədaxili situasiya ucbatından 10 noyabr sənədinin bütün maddələrini qeyd-şərtsiz yerinə yetirməyə məhkumdur. Və həmin sənədin icrası Rusiyanın Cənubi Qafqaz maraqları baxımından, böyük önəm daşıdığı üçün Paşinyan hakimiyyəti hələlik Kremlə də sərfəlidir.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan hazırda ABŞ və Qərbin dəstəyini qorumaqla yanaşı, həm də Rusiyanın məcburiyyətdən qaynaqlanan himayəsini də özü üçün təmin edib. Qəribə də olsa, hətta 10 noyabr sənədinə atdığı imzanı Paşinyan hakimiyyəti üçün toxunulmazlıq təminatı da hesab etmək mümkündür. Və bu baxımdan, Paşinyan hakimiyyətinin məhz həmin sənəddən hər ötən gün daha da möhkəm yapışacağı qətiyyən şübhə doğurmur.

İkinci önəmli səbəbsə, Paşinyan hakimiyyətinin siyasi rəqiblərinin yalnız Rusiyaya bağlı olmasıdır. Onların hakimiyyətə gəlməsi üçün mütləq Kremlin dəstəyinin alınması qaçılmaz xarakter daşıyır. Və bu variantın alternativi isə demək olar ki, yoxdur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanda xəyanətdə suçlansa da, Köçəryan-Sarkisyan klanı da ölkədə rəğbətə sahib deyil. Əksinə, bu klan Ermənistan cəmiyyətində nifrətlə qarşılanır. Bu sıraya Kremlin də indiki situasiyada Ermənistanda hakimiyyət dəyişikliyinin Rusiyanın maraqlarına uyğun olmadığı qənaətini də əlavə etdikdə, Köçəryan-Sarkisyan klanı tamamilə şansını itirmiş kimi görünür.

Onu da qeyd edək ki, son dövrlərdə keçmiş prezident Robert Köçəryan artıq bir neçə dəfə Kremldə himayə axtarışına cəhd edib. Ancaq hər dəfə məyusluq ilə qarşılaşıb.

Birinci dəfə R.Köçəryan özü kimi keçmiş prezident olan Levon Ter-Petrosyan ilə Moskvaya siyasi məsləhətləşmələr məqsədi ilə səfərə hazırlaşırdı. Ancaq sonradan bəyan edildi ki, guya R.Köçəryan koronavirusa yoluxduğu üçün səfər təxirə salınıb. Halbuki bu məlumatın yalan olduğunu hər kəs bilir.

Məsələ ondadır ki, Kremldə R.Köçəryanın hakimiyyətə qayıdışına müsbət yanaşmadıqları üçün hər iki keçmiş prezidentə Moskvaya qədər gəlib, özlərini yormamaları məsləhət görülmüşdü. Bu biabırçılığın üzərini isə R.Köçəryanın koronavirusa yoluxması barədə uydurma yalanla örtmək məcburiyyətində qalmışdılar.

İkinci cəhd isə qısa müddət öncə reallaşdırılıb. Belə ki, R.Köçəryan Moskvaya səfər inadını reallaşdırsa da, Kremlin qapılarından içəri alınmayıb. Və səfər Kremlin qapıları önündə “siyasi iflas”la yekunlaşdığı üçün “əli ətəyindən uzun” vəziyyətdə geri dönmək məcburiyyətində qalıb.

Belə anlaşılır ki, Rusiya ABŞ və Qərbin də dəstəklədiyi Paşinyan hakimiyyətinin dəyişdirilməsinə müqavimət göstərməyə üstünlük verir. Paşinyan hakimiyyətinin siyasi rəqibləri isə Ermənistan cəmiyyətində onu devirmək üçün yetərli dəstəyə malik deyillər. Və bu, onları birmənalı şəkildə oyundankənar vəziyyətə salmış olur.

Şübhəsiz ki, belə situasiya Paşinyan hakimiyyətini alternativsiz hakim siyasi qüvvəyə çevirmiş olur. Baş nazir Nikol Paşinyan da bu reallığı anlayır və öz xeyrinə faydalanmaq niyyətində olduğunu sezdirir.

Məsələ ondadır ki, son vaxtlara qədər baş nazir N.Paşinyan özünü sərt tənqid edən siyasi rəqiblərinə növbədənkənar parlament seçkiləri təklif edirdi. Onun siyasi rəqibləri isə, Kremldən müsbət işarə ala bilmədikləri üçün həmin təklifə reaksiya verməyə tələsmirdilər.

İndisə, vəziyyət əks istiqamətə yönəlib. Belə ki, R.Köçəryanın Moskvadan əli boş və məyus döndüyünü dəqiqləşdirən baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkiləri təklifini artıq geri çəkib. Verilən məlumatlara görə, o, yaxın vaxtlarda seçkilərin keçirilməsinə qətiyyən həvəsli deyil. Və artıq bu niyyətindən tamamilə imtina edib.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Ermənistanda növbəti seçkilərə qədər hakimiyyətdə qala biləcək. Növbəti seçkilər ərəfəsində indiki situasiyanın olmayacağı isə qətiyyən şübhə doğurmur. Yəni, növbəti seçkilərdə elə situasiya yarana bilər ki, indiki müxalifət təmsilçiləri, xüsusilə də, Köçəryan-Sarkisyan klanı siyasi səhnədəki yerini ümumiyyətlə, itirmək məcburiyyətində qalar. Bu isə Paşinyan hakimiyyətinin hələ uzun müddət Ermənistanın başında qala biləcəyi anlamına gəlir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu