29 Mart 2024

Paşinyandan şok bəyanat: “Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq lazımdır”

Ermənistanın baş naziri: “Azərbaycan indi daha güclüdür, bu vəziyyətlə barışmaq məcburiyyətindəyik”.

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında dekabrın 12-də Qarabağda, konkret olaraq Hadrudda yaşananlar barədə danışıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bu iclasda da ənənəvi erməni yalanlarından istifadə edib və düşdüyü acınacaqlı vəziyyəti yumşaltmaq üçün bir sıra uydurmalar sıralayıb.

O bildirib ki, guya dünənki Xin Taxer və Xtsaberd kəndlərinə Azərbaycan Ordusunun hücumunda türklər də iştirak edib. Bu barədə Mediaport Telegram kanalı xəbər verir. Mənbə daha sonra yazıb ki, bununla paralel Paşinyan media terrorundan da şikayətlənib və ona qarşı bir kampaniyanın başladığını söyləyib.

Kanal daha sonra yazır: “Paşinyan həm də Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazım olduğunu söylədi, dil tapmağa çalışmağın, ortaq əlaqə nöqtələri tapmağın vacibliyini bildirdi. Baş nazir eyni zamanda müharibə ilə bağlı istintaq komissiyası yaratmağa hazır olduğunu bildirdi. O, hətta sonradan xalq məhkəməsinə gəlməyə hazır olduğunu, lakin istefa verməyəcəyini deyərək poetik janrda çıxışlar etdi”.

Mediaportdakı mənbənin yazdığına görə, iclasda ona qarşı tərəfin informasiya hücumlarına niyə cavab vermədiyi barədə sual verilib. O isə buna cavab olaraq deyib ki, indi situasiya tamam fərqlidir: “Azərbaycanlılar indi daha güclüdür, buna görə də bu vəziyyətlə barışmaq məcburiyyətində qalmışıq”.

Sevinc,
Musavat.com