23 Dekabr 2024

Paşinyan, yoxsa Qarabağ klanı: Ermənistan müharibəyə, yoxsa sülhə səs verəcək?

74 yaşlı Vazgen Manukyanın lideri olduğu “Vətənin xilası naminə hərəkatı” iflasa uğradı. Hərəkatın arzusu gözündə qaldı. Nümayişlər yolu ilə Nikol Paşinyanı devirə bilmədilər. Üstəlik, bu hərəkata qoşulan əsas partiyalar iyunun 20-də keçiriləcək parlament seçkisinə qatılacaqların bəyan etdilər.

Nikol Paşinyan küçə etirazları yolu ilə iqtidara gəlmişdi. Ancaq müxalifət eyni yolla onu iqtidardan kənarlaşdıra bilmədi.

Bəs, rəqibləri onu növbədənkənar parlament seçkiləri yolu ilə iqtidardan süpürüb ata biləcəkmi? Bu ehtimal son dərəcə azdır.

Niyə? Çünki Nikol Paşinyan Türkiyə və Azərbaycanla anlaşmanın tərəfdarıdır. Ona müxalif olanlar isə müharibə partiyasını təmsil edirlər. Xüsusən, Ermənistanda uzun müddət iqtidarda olmuş Qarabağ klanı Azərbaycan və Türkiyəyə qarşı aqressiv mövqedədir.

Seçim belədir: Ya ermənilər sülhə, yəni Nikol Paşinyana, ya da müharibəyə, yəni Qarabağ klanına səs verəcəklər. Müharibə partiyasının təmsilçiləri isə çoxdur və onların bir araya gəlməsi də mümkünsüz görünür, vahid lider problemi var. Ortada korrupsiya problemi də var. Nikol Paşinyan korrupsiyaya qarşı ciddi mübarizə aparıb. Müharibə partiyasının tərəfdarları isə təpədən dırnağa qədər korrupsiyaya bulaşan adamlardır.

Ermənistan müxalifəti istəyirdi ki, Nikol Paşinyan istefa versin. Onun yerini isə Vazgen Manukyan seçilsin. Bir il sonra isə Ermənistanda parlament seçkiləri olsun. Ancaq Nikol Paşinyan müxalifətin bu planının da baş tutmasına imkan vermədi.
Dünənə qədər Nikol Paşinyan Azərbaycan və Türkiyənin düşməni idi. Son aylarda vəziyyət dəyişib. İndi hər iki ölkə Nikol Paşinyanın iqtidarda qalmasında maraqlıdır. Türkiyə mətbuatı yazır ki, “Azərbaycan və Türkiyə üçün Nikol Paşinyanın iqtidarda qalması ən ideal seçimdir”.

Azərbaycan və Türkiyədən başqa hansı dövlətlər erməni baş nazirin iqtidarda qalmasını istəyir? ABŞ və Avropa Birliyi bu sırada öndə gəlir.

(Yeri gəlmişkən, bu yaxınlarda ABŞ təşkilatının Ermənistanda keçirdiyi rəy sorğusunda respondentlərin 70 faizi müharibə tərəfdarı olmadıqlarını bildiriblər.)

Paşinyanın əleyhdarları olan ölkələr də bəllidir: Rusiya, İran və Gürcüstan. Rusiya və İranın mövqeyi kimsəyə sirr deyil. Ancaq Gürcüstan niyə bunu istəmir? Səbəb sadədir. İndi Azərbaycan məhz Gürcüstan üzərindən Türkiyəyə çıxır və tranzit ölkə ciddi paralar qazanır. Bu amil həm də Gürcüstanın siyasi çəki verir. Azərbaycan və Türkiyənin Ermənistanla yaxınlaşması Gürcüstanı bu üstünlüklərdən məhrum edir.

Əslində, burda qəribə bir şey yoxdur. Siyasət dəyişkən şeydir. Biz zaman-zaman bunun şahidi oluruq.

Nikol Paşinyan haqqında Azərbaycan mətbuatında əsasən mənfi fikirlər yazılıb. Ancaq o, Azərbaycan insanının təsəvvüründə olduğu qədər də zəif siyasi lider deyil. Bunun tam əksini iddia etmək üçün kifayət qədər əsaslar var. Ermənistan Baş nazirini daha yaxından tanımaq üçün Qərb mənbələrinə diqqət edək.

Nikol Paşinyanı xarizmatik və inqilabçı lider kimi təqdim edən “The Guardian” 2018-ci ildə onun haqqında belə yazmışdı: “O, həm də son on ili küçə siyasətində keçirmiş alovlu bir siyasi natiq kimi xarakterizə edilə bilər”.

Qərbyönümlü siyasətçidir. Təsadüfi deyil ki, o, üç tərəfli anlaşmaya imza atdıqdan sonra qəzəbli kütlədən qorunmaq üçün bir müddət İrəvandakı ABŞ səfirliyinin binasında gizlənməli oldu.

“WikiLeaks” tərəfindən yayımlanan gizli sənəddə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Joseph Penningtonun 2008-ci ilin mart ayında yazırdı: “Uzun müddətdir ki, Paşinyanla birbaşa əlaqədən çəkinirik və onu səfirlikdə keçirilən tədbirlərə dəvət etmirik. Biz ona qeyri-konstruktiv, radikal bir şəxs kimi baxırıq”.

Diqqət edin: 2018-ci ildə onu son on ili küçə siyasətində keçirmiş alovlu siyasi natiq, xarizmatik inqilabçı lider kimi təqdim edirlər. 2008-ci ildə isə onu qeyri-konstruktiv, radikal şəxs kimi görürdülər. Ümumiyyətlə, Nikol Paşinyan hansı siyasi ideologiyanın daşıyıcısıdır? Bəlli deyil. Paşinyan özünü post-ideologiyaya söykənən siyasətçi kimi təqdim edir. 2016-cı ildə Amerikadakı Ermənistan Universitetində etdiyi çıxışında o deyir: “Siyasi ideologiyalar zamanı arxada qaldı. İndi zamanın çağrışına cavab vermək gərəkir”.

Son illərdə Qərb mənbələri Paşinyanı mərkəzçi, proqressiv və liberal demokrat kimi xarakterizə edirlər. Ancaq onu da vurğulayırlar ki, “o, 2018-ci ildə keçirilən nümayişlər zamanı korrupsiyaya uğramış siyasi elitaya qarşı sosial ədalət tərəfdarı kimi danışırdı. Populist solçu ritorikasından istifadə edirdi”.

Politoloq Nerses Kopalyan isə Paşinyanı Emmanuel Makronla müqayisə edərək onu “aqressiv mərkəzçi” kimi təsnif edib.

Kopalyana görə, Paşinyan sivil topluma güclü dəstək, qadın hüquqları, təhsilin sosial maliyyələşdirilməsi, dövlət proqramları üzərindən yoxsulluğun aradan qaldırılması, qanun və qaydalara sadiqlik, qanunun dönməz şəkildə tətbiqi, qənaətə əsaslanan iqtisadi siyasət və orta sinfin gücləndirilməsi kimi ideyalara bağlıdır.

2018-ci ilin aprel ayında verdiyi bir müsahibəsində o deyib: “Çoxları indi məni Qərb tərəfdarı bir siyasətçi kimi təqdim edir. Mən dəfələrlə nə Qərb, nə Rusiya, nə də ABŞ tərəfdarı olmadığımı söyləmişəm. Mən Ermənistan tərəfdarı olan siyasətçiyəm”.

Niyə Ermənistanda məxməri inqilab baş verdi? Hər şey ondan başladı ki, ölkə prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçdi. 2015-ci ildə konstitusiyaya dəyişiklik olanda heç kimin şübhəsi yox idi ki, Serj Sarkisyan (2008-2018) bu yolla hakimiyyətini davam etdirmək niyyətindədir. 17 aprel 2018-ci ildə Serj Sarkisyan parlamentdə Ermənistanın baş naziri seçildi. Xalq kortəbii şəkildə etiraza qalxdı. Küçə siyasətinin ustası olan Nikol Paşinyan başçılıq etdiyi “”Vətəndaş Müqaviləsi” partiyası ilə birlikdə özünü qabağa verdi və sayılı günlər ərzində etiraza qalxmış geniş xalq kütlələrinin vahid liderinə çevrildi. Soros Fondunun dəstəyi ilə inqilab qələbə ilə başa çatdı.

Cəmi bir həftə baş nazir olan Serj Sarkisyan sonda “Nikol haqlıdır”, deyib istefa verdi.

Britaniyanın “The Economist” dərgisi “məxməri inqilab” etmiş Ermənistanı “İlin ölkəsi” adlandırdı.

Serj Sarkisyanın 2008-ci ildə prezident elan olunması xalq tərəfindən etirazla qarşılanmışdı. 1998-ci ildə Robert Köçəryan tərəfindən zorla devrilmiş Levon Ter-Petrosyanın bu seçkidə qalib gəldiyinə inanan insanlar küçələrə axışdı. Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak oldu, 200-dən çox insan xəsarət aldı. O vaxt Nikol Paşinyan Levon Ter-Petrosyanın əsas müttəfiqi qismində çıxış edirdi. Qanlı hadisələrdən sonra o, gizlənməli oldu. Ermənistan Milli Təhlükəsizlik Xidməti hər yerdə onu axtarırdı. O zaman Amerika səfirliyinin Vaşinqtona yazdığı məlumatda deyilirdi ki, Ermənistan rəhbərliyi Paşinyanın harada olması haqqında heç bir məlumata malik deyil. Bizim səfirlik də onunla xeyli müddətdir ki, əlaqə saxlaya bilmir.

Nikol Paşinyan isə yerli qəzetlərdə öz məqalələri ilə çıxış edirdi. Yazırdı ki, Serbiya pasportu ilə dünyanı gəzir. Müxtəlif ölkələrdən reportajlar təqdim edirdi. İrəvanın mərkəzində insanların ödürülməsinə görə Robert Köçəryanı və Serj Sarkisyanı davamlı şəkildə suçlayırdı.

2009-cu ilin iyununda isə Nikol Paşinyan Prokurorluğun binasına daxil oldu və dedi: “Salam, mən Nikol Paşinyanam. Gəldim ki, məni həbs edəsiz”. İstintaq zamanı məlum oldu ki, Paşinyanın Serbiya pasportu ilə dünya səyahətinə çıxması haqqında dedikləri yalan söhbət imiş.

Göründüyü kimi, Nikol Paşinyan son dərəcə ziddiyyətli siyasi liderdir. Amma o da faktdır ki, erməni xalqı onun dalınca gedir…
“Azərbaycan üçün Ermənistanla davamlı sülhə nail olmaq müharibədə qalib gəlməkdən daha çətindir”. “The Telegraph” belə yazır. Bunu doğru yanaşma hesab etmək olar. Çünki ölkələrimiz arasında davamlı sülhün olması indi daha çox erməni xalqının seçkidə tutacağı mövqedən asılıdır. Sizi bilmirəm, mən əminəm ki, erməni xalqı sülhə səs verəcək.

Elbəyi Həsənli, Sürix

Fazil Mustafa Sərdar Cəlaloğluna SƏRT CAVAB VERDİ: "Onun kimilər..." |  Faktor.az