18 Aprel 2024

Paşinyan yenə KTMT-nin yolunu kəsdi

“Sarsılmaz Qardaşlıq-2023” birgə təlimləri İrəvanda  keçirilməyəcək;  erməni baş nazir: “Rusiya ilə ultimatum dilində danışmırıq”

Ermənistanda KTMT-nin hərbi təlimləri keçirilməyəcək. Paşinyan bu barədə yanvarın 10-da keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, rəsmi İrəvan bununla bağlı birləşdirilmiş qərargahı məlumatlandırıb. Paşinyanın sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Qeyd edək ki, ilin ilk günündə Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023″ birgə təlimi keçiriləcəyi ilə bağlı məlumatı Rusiya Müdafiə Nazirliyi yaymışdı.

Həmçinin bildirilirdi ki, Rusiya Federasiyasının Ermənistandakı hərbi poliqonlarında ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır. Məlumata görə, təlimlərdə hərbi əməliyyatların birgə planlaşdırılması, Quru qoşunlarının qərargah və bölmələri arasında şərti qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə taktiki təlimlər icra olunacaq. Amma Paşinyan belə təlimlərin məqsədəuyğun olmadığını deməklə KTMT-yə qarşı növbəti qəzəbini ortaya qoymuş oldu.

Qeyd edək ki, Paşinyan Yeni il müraciətində ad çəkməsə də, sərhəd hadisələri zamanı KTMT-dəki müttəfiqlərini nəzərdə tutaraq onları müdafiə etmədiyini yenidən dilə gətirərək, gileylənmişdi. Bundan əvvəl də  Paşinyan KTMT üzvlüyünü dayandıra biləcəyini bəyan edib.

O, bunun “sadəcə söz oyunu deyil, çox ciddi məzmun olduğunu” vurğulayaraq qeyd edib ki, əvvəllər KTMT-də təhlükəsizlik məsələləri müzakirə edilərkən, Ermənistan sərhədinin “KTMT üçün qırmızı xətt” olduğuna dair aydın təminat alıb”.

Rusiya isə KTMT-nin ünvanına səsləndirilən ittihamları əsassız hesab etdiyini bir neçə dəfə bəyan edib

Paşinyanın tək çarəsi

“Hraparak” nəşri bir neçə gün əvvəl öz mənbələrinə istinadən yazmışdı ki, Qərb Ermənistana KTMT-ni  tərk etməməyi tövsiyə edir.  Nəşrin yazdığına görə, Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə qədəm qoyub: “Əvvəlcə hakimiyyətin aşağı təbəqəsi Laçın yolundakı vəziyyətlə bağlı günahı Rusiya Federasiyası və Rusiya sülhməramlılarının üzərinə atırdı. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təzyiqlər barədə danışdı və  hökumətin son iclasında Paşinyan bu barədə bəyan etdi: “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyini təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağdakı sülhməramlı qüvvələrinə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır””.

Nəşr xatırladır ki, Rusiya tərəfi hər iki halda bu bəyanatlara cavabını gecikdirmədi. “Münaqişənin iki tərəfi arasında razılıq əldə olunarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”, – Kremlin mətbuat katibi Peskov bildirib.

Nəşr bəzi hökumət mənbələrinə istinadən edərək bu iddia ilə çıxış edir ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Putinə ultimatum verərək Laçının yolunun açılmasını, əks təqdirdə, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacağını bildirib.  Son mətbuat konfransında Paşinyan bu məsələyə də münasibət bildirib. O deyib ki, “Ermənistan Laçın dəhlizi mövzusunda Rusiya ilə ultimatum dili ilə danışmır. Sülhməramlılar dəhlizin funksiyasını yerinə yetirməsini təmin etməlidirlər”, – deyə baş nazir qeyd edib.

 Ermənistanın baş naziri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsindən də danışıb. “Region nəqliyyat əlaqələri baxımdan diqqət mərkəzinə gəlir və önəmi artır. Logistik marşrutlar dəyişir. Ermənistan və Türkiyə arasında dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır. Bu, Azərbaycanla Naxçıvan, İranla Azərbaycan və Ermənistanla Rusiya arasında yol əlaqələri baxımından vacibdir”, – deyə Paşinyan bildirib. Yada salaq ki, Azərbaycanın dövlət başçısı Yeni il müraciətində bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.