Paşinyan: Türkiyə ilə ünsiyyətdə heç bir maneə yoxdur
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Ankara arasında daimi əlaqələrin mövcud olduğunu və Türkiyə ilə ünsiyyətdə heç bir maneənin olmadığını bildirib.
“Biz Türkiyə ilə dialoqu davam etdiririk və davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki qədər fəal dialoq aparmayıb. Əslində, Türkiyə ilə ünsiyyətdə heç bir maneə yoxdur, biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz mütəmadi olaraq görüşür və danışırlar, nümayəndələrimiz də daimi əlaqə saxlayırlar. Çox fəal işləyirik və nə edilməli olduğu barədə ümumi bir anlayış var”, – deyə Paşinyan Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbstə müsahibəsində bildirib.
Musavat.com xəbər verir ki, o, Ermənistan və Türkiyə arasındakı dialoqda müəyyən detallara diqqət çəkərək, konkret addımların atılmasının vacibliyini vurğulayıb. “Bəzi nüanslar var və real nəticəyə nail olmaq üçün müəyyən yekun addımlar atılmalıdır. Ümid edirik ki, nəticə çox tezliklə əldə olunacaq”, – deyə baş nazir əlavə edib.