Paşinyan məğlubiyyətin məsuliyyətini başqalarının üzərinə atır: min cinayət işi açılıb
“Hazırda Ermənistanda Qarabağ müharibəsinə aidiyyəti olan mindən çox cinayət işi açılıb”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin fevralın 10-da keçirilən iclasında bildirib.
İşıqlı Ermənistan Partiyasının və eyniadlı parlament fraksiyasının sədri, deputat Edmon Marukyan Qarabağdakı döyüşlərdə Ermənistanın itkisi və başqa uğrusuzluqlarının araşdırılması, müharibədəki şəraitlə bağlı faktların toplanması üzrə işçi qrupun yaradılması ilə əlaqədar baş nazirə təkliflər edib.
Ermənistanın baş naziri cavabında bildirib: “Məsələ ilə bağlı komissiya yaradılıb. Orada siyasi qüvvələrin 70 faizi təmsil olunur. Ötən dəfə biz sizi bu məsələ ilə bağlı müzakirəyə dəvət etdik. Ancaq siz dəvəti qəbul etmədiniz. İddia edirsiniz ki, cinayət işlərində ziddiyyət var. Hazırda müharibə ilə bağlı (İkinci Qarabağ müharibəsini nəzərdə tutur – “Report”) mindən artıq cinayət işi üzrə istintaq davam etdirilir”.