23 Dekabr 2024

Paşinyan iclas keçirdi, prezident və qiyamçı general iştirak etmədi – İrəvanda gərgin durum

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyi, dövlətin qarşısında duran çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Lakin iclasda nə prezident Armen Sarkisyan, nə də Baş Qərargahın rəhbəri Onik Qasparyan iştirak etməyib.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Armen Sarkisyan əslində Təhlükəsizlik Şurasının iclasına dəvət edilib, lakin o getməyib.

Ermənistan Prezidentinin mətbuat xidmətindən “Sputnik Armenya”ya deyilib ki, Sarkisyan xəstə olduğu üçün tədbirdə iştirak edə bilməyib.

Qeyd edək ki, hazırda Ermənistanda olduqca gərgin siyasi mühit var. Ordunun baş qərargah rəisi Qasparyan baş nazirin istefasını tələb edir, baş nazir Paşinyan Qasparyanın istefaya göndərilməsi barədə sərəncam verir, ancaq prezident Sarkisyan bu sənədi imzalamır. Hakim partiyanın parlament fraksiyası isə prezidenti impiçmentlə hədələyir.