Partiyalar haqda qanun imzalanmağa hazırdır – yeni etirazlar
AXCP və REAL hakimiyyəti qanun layihəsini ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərməyə çağırıb
Məlum olduğu kimi, Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Müzakirələrdə iştirak etməyən AXCP bəyanat verərək yeni qanun layihəsinin siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdıracağını bəyan edib. AXCP hakimiyyəti qanun layihəsini ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərməyə və qurumun indiyə qədərki tövsiyələrini nəzərə almağa çağırıb.
Bunun ardınca Respublikaçı Alternativ Partiyasının sədri (REAL) İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə Milli Məclisin 16 dekabr iclasında son oxunuşdan keçmiş “Siyasi partiyalar haqqında” qanun layihəsini imzalamaması xahiş olunur: “Qanun layihəsi parlament partiyalarının, o cümlədən bizim partiyanın təşəbbüsü ilə hazırlansa da, gözləntilərimizin tam əksinə olaraq ölkədə partiya sisteminin sağlam inkişafına əngəl törədəcək. Bu qənaətimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının siyasi partiyalarla əlaqələrə məsul şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə açıqlamışıq. Təəssüf ki, ölkə daxilində bizim ekspertizaya önəm verilmədi. Onda beynəlxalq ekspertizanı işə cəlb etməkdən ötrü Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi üzvlərindən xahiş etdik ki, Venesiya Komissiyasından bu qanun layihəsi haqqında təcili rəy istəsinlər. Dekabrın 14-də Monitorinq Komitəsi belə bir rəyin istənməsi haqda qərar verdi. Komissiyanın təcili rəyi adətən bir neçə həftəyə tərtib edilir. Azərbaycanın demokratiya və insan haqları sahəsində beynəlxalq əməkdaşlığına böyük önəm verdiyimiz üçün xahiş edirəm Venesiya Komissiyasının rəyi çıxana qədər “Siyasi partiyalar haqqında” Qanunun qüvvəyə minməsini təxirə salasınız”.
Qeyd edək ki, Venesiya Komissiyası Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi qurumudur. Azərbaycan Konstitusiyasına görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır. Prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır.
Müraciətlərin hansısa nəticəsi olacaqmı? Venesiya Komissiyasının rəyi niyə müxalifət üçün belə önəmlidir?
Elman Nəsirov
Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov bildirdi ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması yaxşı oldu: “Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınıb. Venesiya Komisiyasının ən mühüm tövsiyələrindən birində qeyd olunur ki, “Siyasi partiyalar haqqında” qanunlar açıq və şəffaf şəkildə qəbul olunmalıdır, bu məqsədlə qanun layihələrinin geniş ictimai müzakirələri keçirilməlidir. Cari ilin 26 iyulunda ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada Milli Məclisə təqdim etdi. Hazırlanmış qanun layihəsi sentyabrın 7-də Milli Məclisin saytında yerləşdirildi. Şəffaflıq maksimum səviyyədə təmin olundu. Bundan savayı, 24 oktyabr və 4 noyabr tarixlərində Milli Məclisdə dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə yeni qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirildi. Noyabrın 21-də “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytında yerləşdirildi. Noyabrın 23-də isə Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” Qanunun geniş müzakirəsindən sonra onun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olduğu vurğulandı və qanunverici orqanın plenar iclasına çıxarılması ilə bağlı qərar qəbul edildi. Beləliklə, Milli Məclisin 29 noyabr, 6 dekabr və 16 dekabr tarixli plenar iclaslarında üç oxunuşda qəbul edildi. Həm geniş ictimai dinləmələr, həm komitələrdə keçirilən müzakirələr və həm də plenar iclaslarda səslənən təkliflər nəzərə alınmaqla “Siyasi partiyalar haqqında” qanun layihəsində çoxsaylı dəyişikliklər həyata keçirildi. Düzəlişlər həm mahiyyət, həm də texniki xarakterli olub”.
Deputat qeyd etdi ki, sözügedən qanun, yuxarıda deyildiyi kimi, kifayət qədər geniş ictimai müzakirələrdən sonra qəbul edilib. Bu qanunun Venesiya Komissiyasının rəyi çıxana qədər imzalanmasının təxirə salınması kimi çağırışlara ehtiyac yoxdur.
Pənah Hüseyn
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirdi ki, qanunun Milli Məclisə qaytarılmasının tərəfdarıdır: “Çünki xüsusən ikinci oxunuşdan sonra bir sıra mühüm texniki xarakterli dəyişikliklər edilsə də, bu qanunun mahiyyəti, konsepsiyası xeyli dərəcədə qadağanedicidir və siyasi partiyaları dövlətin qeyri-adekvat nəzarəti altında saxlayan müddəalar orada saxlandı. Venesiya Komissiyasının rəyinin alınması məsələsinə gəlincə, burada hansısa imperativ əlaqə yoxdur. Venesiya Komissiyası 2010-cu ildə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsinə mənfi rəy vermişdi. Nəticədə həmin qanun layihəsinin müzakirəsi saxlanmışdı. Bu dəfə isə məlum olan odur ki, qanun layihəsi rəy üçün ümumiyyətlə, Venesiya Komissiyasına göndərilməyib. Prinsip etibarilə hansısa bir müqavilə öhdəliyi yoxdur ki, qanun layihələri mütləq Venesiya Komissiyasına göndərilməlidir və rəy alınmalıdır. Amma siyasi xarakterli qanun layihələrinə müsbət rəyin olması ölkənin maraqları üçün lazımdır. Mənim fikrimcə, “Siyasi partiyalar haqqında” Qanuna Venesiya Komissiyasının rəyindən daha artıq və vacib olan Azərbaycanın özünün siyasi qüvvələrinin, siyasi partiyalarının rəyləridir. Dinləmələr zamanı AXP sədri olaraq təklifimizi irəli sürdüm. Təxminən 7-8 partiya mənfi rəyini ifadə eləmişdi. Bunlar da nəzərə alınmalıdır”.
Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, yeni qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq, bəzi hallarda hətta buna məcbur edəcək və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcək: “Açıq etiraf etmək lazımdır ki, bu qanunun qüvvəyə minməsindın sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaq. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasi liderlər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamalı olacaqlar ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan xidməti göstərə bilməzlər. Ümid edirik ki, qanunun qəbulundan sonra partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda bir neçə ciddi siyasi partiya formalaşaq. Bəzi müxalifət partiyalarının hakimiyyəti qanun layihəsini ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərmək çağırışları heç bir nəticə verməyəcək. Venesiya Komissiyasının rəyinin müxalifət üçün belə önəmli olmasının səbəbi odur ki, onların istədikləri rəyi verəcəyinə əmindirlər. Çox təəssüf ki, Venesiya Komissiyası bəzi hallarda hüququ yox, siyasi məsələləri ön plana çəkir və bu da dövlətlərin onun tövsiyələrinə şübhə ilə yanaşmasına gətirib çıxarır”.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, qanun layihəsi ilə bağlı onun xeyli tənqidi, bəzən sərt tənqidi fikirləri və təklifləri olub: “Onlardan nəzərə alınanlar da olub, nəzərə alınmayanlar da. Venesiya Komissiyasından müsbət nə isə gözləmək yersizdir. Mənim mövqeyim həmişə ondan ibarət olub ki, biz çalışaq ölkə daxilində problemlərimizi özümüz həll edək. Xaricilərin öz maraqları var və nəticədə öz maraqlarına uyğun davranacaqlar. Özlərinin və onlara yaxın siyasi qüvvələrin bazarlığını etməyə çalışacaqlar. On illərlə belə olub. Bütün iri güclər və əksər beynəlxalq təşkilatlar saxta seçkilərin nəticələrini tanıyıblar. Venesiya Komissiyasının da hansısa nəticəyə nail olacağına inanmıram”.