25 Aprel 2024

Parlamentdə olmayan partiyalara  da maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur

“Siyasi Partiyalar haqqında” qanun layihəsinin müzakirəsi davam edir. Bir çox partiyalar qanunla bağlı öz təkliflərini verib və bütün bunlar hamısı ictimai müzakirələrdə bir daha nəzərdən keçirilir.

Bu fikirləri hafta.az-a YAP idarə heyətinin üzvü Asif Əsgərli bildirib.

A.Əsgərli qeyd edib ki, siyasi partiyaların üzvlüyünün 10 mindən 5000-ə endirilməsi, siyasi partiyaların təsisçiləri ilə bağlı təkliflər bəzi siyasi partiyalar tərəfindən sərt, çox ağır, uyğun olmayan məsələlər kimi qəbul edilsə də, artıq onun yumşaldığını görürük.

Onun sözlərinə görə, layihədə “200 təsisçi və onun ölkədə 20 ilə yaxın daimi yaşayan şəxlərə şamil olunması” məsələsində  artıq təsisçinin “20 il ölkədə yaşamasına” dair məhdudiyyət layihədən çıxarılıb. Eyni zamanda təsisçilərin sayının 50 nəfərə qədər endirilməsi nəzərdə tutulur. Üzvlük haqqının, ianənin məbləği ilə bağlı əvvəlki layihədə məbləğ yox, əməkahqqının 35 misli olaraq götürülüb. Bu daha uyğun variandır. Qanun layihəsində digər məsələlər də özünün əksini tapıb.

Partiya üzvlərinin sayı ilə bağlı təkilfə gəlincə, A.Əsgərli hesab edir ki, yəqin ki, bununla bağlı əvvəlcə partiyalara müddət veriləcək. Partiya bu tələbi həyata keçirə bilməsə, ya ləğvi, ya da hər hansı partiyaya birləşdirilməsi ilə bağlı qərar verilə bilər.  Onun sözlərinə görə, üzvlərin sayı 4500 -dən aşağı olarsa, ləğvi məsələsi ən son hədd kimi nəzərdə tutulur. Partiya xəbərdarlıqlara, rəsmi müraciətlərə məhəl qoymasa ən son hədd olaraq, ləğv oluna bilər”.

YAP yetkilisi hesab edir ki, yeni redaktədə iki dəfə ardıcıl seçkidə iştirak etməyən partiyaların ləğvi ilə bağlı müddüə da aradan qaldırılıb.

“Eləcə də parlamentdə olan partiyalarla yanaşı seçkilərdə iştirak edən, lakin parlamentdə olmayan partiyalara  da maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur.

Ümumən bu qanun layihəsi partiyaların ləğvı, yaxud onlara nəzarət funksiyasını həyata keçirmək üçün yox, fəaliyyətlərinin tənzimlənməsi, yaxud tam olaraq icrasına şərait yaratmaq, cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə dəstək vermək üçün bir qanun layihəsidir”.