24 Dekabr 2024

“Park İnn” hotelində məşhurlar karantin qaydalarını pozdu FOTO VİDEO

Bakıda karantin olmasına baxmayaraq, hotellərin birində kütləvi tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, martın 1-də “Park İnn” hotelində “Türkiyə Zirvə Ödülləri”nin təqdimat mərasimi keçirilib. Tədbirdə bir çox tanınmışlar da iştirak edib.

Mərasimdə 50 nəfərdən artıq şəxs toplaşıb. Hətta ara məsafə belə gözlənilməyib və bəzi şəxslər maska taxmayıblar.

Videogörüntülərdən də aydın olur ki, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Təşkilatçı İlmirzə Ağabəyovun özü də sosial şəbəkədə bu tədbir barədə paylaşım edib və bunları yazıb:

“Luxury Society Baku” və “Türkiyə Zirvə Ödülləri” layihəsinin çəkim və təqdimetmə mərasimi baş tutdu. Aparıcımız Respublikanın Əməkdar Artisti Elnur Kərimova öz minnətdarlığımı bildirirəm. Mükafat əldə edən hər bir nominantı təbrik edirəm. Gələcək İşlərində uğurlar arzulayıram. Layihə Sosial İzolyasiya qaydalarına uyğun keçirildi. Ən böyük mükafatınız Sizin sağlamlığınızdır”, – deyə bildirib.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elnarə Baxış BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələ qurumun səlahiyyətləri çərçivəsindən kənardır.

“TƏBİB-in işi tibbi xidmətin təşkilini təmin etməkdən ibarətdir. Qapanma və ya karantin qaydalarınının yumşaldılması qərarı TƏBİB tərəfindən verilmir”, – deyə Elnarə Baxış bildirib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirildi ki, bu barədə məlumat daxil olub. Rəsmi açıqlama olan kimi ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.