Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı
Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.
Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib.
Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Mən ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, biz Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq. Bir daha xoş gəlmisiniz.
Sonra Pakistan İslam Respublikasının Baş naziri mətbuata bəyanatla çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı
Çox sağ olun, əziz qardaşım Prezident İlham Əliyev.
Azərbaycan və Pakistan nümayəndə heyətlərinin hörmətli üzvləri, xanımlar və cənablar.
Əssalamu əleyküm, hər vaxtınız xeyir.
Əziz qardaşım Prezident, möhtəşəm və qardaş ölkəmiz olan Azərbaycana bizi dəvət etdiyiniz üçün çox sağ olun. Ötən gecə Bakıya eniş etdikdən bəri burada keçirdiyimiz hər andan zövq almışıq. Səfərimiz nəinki çox rahat, eyni zamanda, çox məhsuldar və faydalıdır. Gözəl Bakı şəhərini yay mövsümündə seyr etmək zövq oxşayır, onun landşaftını, yaşıllığını nəzərdə tuturam. Nümayəndə heyətinizi İslamabada göndərdiyiniz üçün çox sağ olun. Onlar indi gözəl İslamabadı daha da abadlaşdırırlar. İslamabadın özünəməxsus təbii gözəlliyi var. O, dağın ətəyində yerləşir, komandanız çox gözəl şəhəri daha da gözəlləşdirərək abadlaşdırır. Çox sağ olun. Burada Bakı ağ qar örtüyünə bürünüb və bu da özlüyündə bizə əlavə rahatlıq verir.
Zati-aliləri, bugünkü müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz və bu da bizə böyük məmnunluq hissi verir.
Zati-aliləri, mən çox səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istərdim. Siz qardaşsınız, biz bir ailə kimiyik. Mən apreldə təkcə Pakistan xalqının deyil, qardaş ölkə Azərbaycanın bütün guşələrində deyil, bütün dünyanın izləyəcəyi bu möhtəşəm tədbir və möhtəşəm imzalama mərasimi ilə bağlı Sizin Pakistana səfərinizi səbirsizliklə gözləyirəm. Bu, bizim nail olmalı və dərindən düşünməli olduğumuz məsələdir. Təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır. Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq. Təşəkkür edirəm, Allah Sizi qorusun!
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı