23 Dekabr 2024

Özünəməxsusluğumuzun və ləyaqətimizin müdafiəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsiiyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb və maraqla qarşılanmışdır. Müsahibənin aktuallığı və konkret məslələrə münasibət bildirilməsi, Cənubi Qafqaz regionunda baş verən proseslərə qətiyyətli münasibət baxımından diqqət çəkmişdir.

Müsahibədə cənab Prezident ilk növbədə ümummilli lider Heydər Əliyevlə bağlı sualları cavablandırarkən qetyd etmişdir ki, bugünkü Azərbaycan Heydər Əliyevin gərgin siyasi mübarizəsinin əsəridir: “O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.

1990-cı ilin əvvəllərində Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi.

Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.”

Azərbaycan-Çin münasibətlərinin məhz Heydər Əliyev tərəfindən qoyulmasına diqqət çəkən cənab Prezident bildirmişdir ki, “Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.”

Çinlə Azərbaycan arasında əlaqələrin gələcək perspektivinə dair sualları cavablandıran ölkəmizin başçısı qeyd etmişdir ki, “Bəli, bunu bir daha təsdiq edə bilərəm ki, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.

Çinin ərazi bütövlyüynü daim tanıyan və bu gün də öz mövqeyində qalan Azərbaycan beynəlxalq hüququn bütün normalarına qeyd-şərtsiz əməl edilməsinə tərəfdardır. Lakin təəssüf ki, nə Çinə, nə də azərbaycana qarşı münasibətdə bu normalara əməl olunmur. Bu zaman ikili standartlar dövriyyəyə girir və bundan sonra separatizm baş qaldırır.

Müstəqil siyasətimizin və ləyaqətimizin müdafiəsi sahəsində yorulmaz mübarizə aparan cənab İlham Əliyev bu müsahibəsi ilə həm bir sıra güclərə, həm də erməni havadarlarına önəmli mesajlar çatdırmışdır. Bu mesajın əsas mahiyyəti ondan ibarətdir ki, biz minlərlə igid oğullarımızın qanı bahasına qazandığımız azadlığımızı və suverenliyimizi qorumaq iqtidarındayıq, müstəqil dövlət kimi də bundan sonrakı siyasətimiz də, mübarizəmiz də belə davam edəcəkdir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi