23 Noyabr 2024

Özünəməxsus üslub yaratmağa müvəffəq olmuş bəstəkar: Azər Dadaşov-75

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, “Humay” milli mükafatı laureatı, müasir Azərbaycan musiqisinin ən istedadlı və dəyərli nümayəndələrindən biri olan Azər Dadaşovun 75 illiyi ilə əlaqədar olaraq təntənəli yubiley gecəsi keçirilmişdir. Konsertdə bəstəkarın yeni və böyük marağa səbəb olan əsərləri ifa olunaraq dinləyiciləri və musiqi ictimaiyyətini dərin musiqi dünyasına qərq etdi. Qeyd olunmalıdır ki, proqramda bəstəkarın simfonik orkestr üçün İkinci Qarabağ müharibəsinin qələbəsinə həsr olunan “Zəfər çələngi” əsəri ilk dəfə ifa olunurdu. Eyni zamanda Ulu öndər Heydər Əliyevə ithaf edilən fortepiano və simfonik orkestr üçün “Poema”, ilk dəfə ifa olunan “Şuşa” simfoniyası, fortepiano və böyük simfonik orkestr üçün 2 saylı konserti və “Vətənim Azərbaycan” kantatası səsləndirildi. Konsertin proqramına daxil olan əsərlər dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Respublikasının Xalq Artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası tərəfindən ifa olundu. Solistlər qismində isə Beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli (piano), Nuranə Zeynalova (piano), Sübhan Rüstəmov (bariton) çıxış etdilər.

Konsert Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunun təqdimatı ilə başlandı və A.Dadaşovun Azərbaycan musiqi mədəniyyətindəki rolunun musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi qeyd olundu. A.Dadaşov öz yaradıcılığında dövrün abu-havası ilə bağlılığını parlaq şəkildə əks etdirir və yubiley gecəsində bəstəkarın bir daha xalqın taleyinə, tarixi hadisələrə, müasir dövrdə baş verənlərə biganə qalmamasının şahidi olduq. A.Dadaşovun konsertdə səslənən bir neçə əsəri yeni yazılıb və bu əsərlər xalqımızın zəfər tarixi ilə bağlıdır. Düşünürük ki, Azər müəllim çox xoşbəxt bəstəkardır ki, onun əsərləri elə sağlığında böyük uğurla səslənir. İlk dəfə ifa olunan “Zəfər çələngi”, “Şuşa” simfoniyası, “Vətənim Azərbaycan” əsərləri dinləyicilərin gurultulu alqışları ilə qarşılandı və bu bir daha bəstəkarın müasir dövrdə əzmlə və yorulmadan çalışdığını, daim axtarışda olduğunu sübut etdi. Xüsusilə qeyd etmək istərdik ki, hər musiqi janrını gözəl hiss edərək bəstəkar onun öhdəsindən bacarıqla gəlir və əsərin janr, məzmun, formasından asılı olmayaraq özünə xas olan yüksək peşəkarlığını və əsl ustalığını nümayiş etdirir. Yeni yazılan əsərlərin məzmunu, musiqi dili, orkestrın tembr ifadə imkanlarından istifadə məsələləri yalnız yüksək sözlərə layiqdir. A.Dadaşov hər bir əsərində yaradıcılığına xas olan məsuliyyətli münasibətini açıq şəkildə çatdırır və yüksək peşəkar olduğunu daima qabarıq şəkildə göstərir. Xüsusi vurğulamaq istərdik ki, sadaladığımız xüsusiyyətlər bəstəkarın bu gün də yazdığı əsərlərdə özünü büruzə verir.

Azər Dadaşov Azərbaycan musiqisinə keçən əsrin 70-ci illərinin əvvəllərində daxil olan, böyük Q.Qarayev məktəbinin layiqli təmsilçisidir. Dəyərli və yaddaqalan əsərlərlə çıxış edən bəstəkarın yaradıcılığını ənənə və novatorluq aspektində nəzərdən keçirsək bu zaman onun nəinki Q.Qarayev ənənələrinin davamçısı kimi, eləcə də əsası Ü.Hacıbəyli tərəfindən qoyulan milli bəstəkarlıq məktəbimizin parlaq nümayəndəsi kimi səciyyələndirə bilərik. Böyük müəllimi bəstəkara daim musiqidə yeni yollar axtarmaq üçün çalışmağı öyrətmişdir və bu prinsipdən irəli gələrək A.Dadaşov heç vaxt təqlidə yaradıcılığında yol verməmişdir, özünəməxsus dəst-xətt, üslub yaratmağa müvəffəq olmuş, öz fərdi bəstəkar simasını yarada bilmişdir. A. Dadaşov müasir dövrdə geniş yaradıcılıq potensialına malik olan və bu imkanlardan böyük məharət və incəliklə öz yaradıcılığında istifadə edən sənətkardır.

O, öz əsərləri ilə insanın daxili aləmini, onun hiss və həyəcanını, duyğularını tərənnüm edir, bu musiqi çox səmimi və ürəyə yaxındır. Qeyd etməliyik ki, bəstəkar bu gün milli musiqi mədəniyyətimizin tanınmış, fəal və ən əsas özünəməxsus üslubu olan sənətkarlarındandır.

A.Dadaşov fəaliyyəti ilə musiqi ictimaiyyətinin daim diqqətini cəlb edir. Onun yaradıcılığı məzmun, forma, janr və üslub cizgiləri baxımından olduqca maraqlıdır. Bəstəkar geniş və rəngarəng yaradıcılıq sahibi kimi tanınır və demək olar ki, bütün janrlarda böyük uğurla çıxış edir. A.Dadaşov öz yaradıcılığında dövrün abu-havası ilə bağlılığını parlaq əks etdirir. Müasir təfəkkürlü bəstəkar olaraq, o, hər bir yeniliyə öz münasibətini açıq şəkildə ifadə edir. Təqdirəlayiqdir ki, A.Dadaşov öz milli köklərini unutmur, bu ənənələrə xüsusi hörmətlə yanaşır və bunun təsdiqini onun bir çox əsərlərində aydın görmək olar.

A.Dadaşovu bir müəllif kimi maraqlı və koloritli orkestr dili, iri formalar ilə işləmə bacarığı, müasir musiqi dilindən gözəl istifadə etmək qabiliyyəti ilə xarakterizə etmək olar. A.Dadaşov yaradıcılığında daim nikbin, həyatsevər əhval-ruhlu bir bəstəkar kimi tanınır. Onun musiqisi işıqlı və həyatsevərliyi ilə seçilir. Demək olar ki, sadalanan xüsusiyyətləri onun bir sıra əsərlərində müşahidə edirik.

Bəstəkarın musiqisi onun zəngin və istedadlı potensialını üzə çıxarır. Belə ki, bəstəkarın müxtəlif janrlı əsərləri festivallarda, rəsmi tədbirlərdə, tanınmış ifaçıların repertuarlarında geniş yer tutur. İstedadlı bəstəkarın bir çox əsərləri Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Zeynəb Xanlarova, Fidan və Xuraman

Qasımovalar, Siyavuş Kərimi, Azər Zeynalov, Ədilə Əliyeva, Ülviyyə Hacıbəyova, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əli Əsgərov, Fəridə Məmmədova, Səbinə Əsədova kimi musiqiçilərin ifasında daim müxtəlif konsert proqramlarında səslənib və səslənməkdədir… Eyni zamanda A.Dadaşovun fortepiano əsərləri pianoçuların diqqət mərkəzindədir və bəstəkarın adına müxtəlif illərdə pianoçuların beynəlxalq müsabiqəsi də keçirilir.

Öz əsərlərində milli ənənələri qoruyub saxlamağa çalışan bəstəkar bununla yanaşı onları yeni formada, müasir dövrün musiqi dili ilə zənginləşdirərək, inkişaf etdirir. Bu da A.Dadaşovun daim yaradıcılıq axtarışında olmasının bariz nümunəsidir. Odur ki, bəstəkar musiqisinin emosionallığı, melodizmi, parlaq musiqi obrazları dinləyici marağına səbəb olan əsas amillərdəndir.

A.Dadaşov yaradıcılığı boyu 150-dən çox əsər yazmışdır. Bir bəstəkar kimi musiqinin bütün janrlarına müraciət etmiş və bir çox instrumental (simfoniya, kamera-instrumental), vokal (xor, kamera-vokal), musiqili-səhnə əsərlərində öz yaradıcı qələmini sınamışdır. Bəstəkar bütün janr və formalara eyni dərəcədə diqqət göstərərək hər sahədə maraqlı nümunələr yaratmağa müvəffəq olmuşdur. Qeyd etməliyik ki, bəstəkar professional yaradıcılığa qədəm qoyduğu zamandan bu günə qədər musiqinin ən iri və mürəkkəb janrı olan simfoniyaya daim maraq göstərmişdir. O, 13 simfoniyanın müəllifi kimi tanınır və çox xoşbəxt bəstəkardır ki, onun simfoniyaları daim musiqiçilərin diqqət mərkəzində olaraq hər zaman səsləndirilməkdədir. A.Dadaşovun simfoniyaları, demək olar ki, müxtəlif mövzu və obrazlar aləmini dolğunluğu ilə əks etdirir. Real həyat ilə bağlı olan hadisələri, ümumbəşəri əbədi mövzuları, hətta bəstəkarın şəxsi həyatından irəli gələn, onun ən incə duyğu və hisslərini ehtiva edən geniş və rəngarəng mövzular dairəsini özündə cəmləşdirir.

Son olaraq onu da vurğulamaq istərdik ki, A.Dadaşov müasir dövrün sənətkarı kimi geniş yaradıcılıq potensialına malik olaraq, zəngin yaradıcılıq imkanlarından böyük həssaslıq və ustalıqla istifadə edir. Əlamətdar tarix ilə bağlı olaraq Azər müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, çətin, məsuliyyətli, eyni zamanda şərəfli işində uğurlar arzulayırıq!

Minaxanım Babayeva,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru