21 Sentyabr 2024

Özəlləşdirmə davam edir: Hərraclara hansı dövlət əmlakları çıxarılacaq?

Ölkədə yatırım etmək istəyənlər üçün yaradılan seçim imkanlarından  biri də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçir

diyi özəlləşdirmə hərraclarıdır. Belə hərraclarda səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmləri ilə yanaşı, kiçik dövlət müəssisə və obyektlərinə, qeyri-yaşayış sahələrinə, nəqliyyat vasitələrinə sahib olmaq mümkündür. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorlar, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün əlverişlidir. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla iştirakçıların seçim imkanını artırır. Həmçinin hərraca çıxarılan dövlət əmlaklarının qiyməti onu deməyə əsas verir ki, iri investorlarla yanaşı, sadə vətəndaşlar da dövlətə məxsus daşınar və ya daşınmaz əmlaka sahib ola bilərlər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Təkrar pul hərracında səhmləri satışa çıxarılacaq 5 səhmdar cəmiyyətdən 4-ü regionlarda yerləşir. Bunlar “Cəlilabad Məişət №651”, “Ucar ağac emalı №52”, “Yevlax Təkrar Xammal” və “Yevlax Tikinti Quraşdırma” səhmdar cəmiyyətlərinin səhmlərinin təxminən 30 faizi hərraca çıxarılacaq. Bu müəssisələrin səhmlərinin ilkin hərrac qiyməti 9758- 61631 manat arasında dəyişir. Həmçinin Bakı şəhəri, Sabunçu rayonunda olan “Sabunçu Ticarət Təchizat”ın səhmlərinin 44,66 faizi satışa çıxarılacaq. Satışa çıxarılan səhmlərin nominal dəyəri 40 270 manat təşkil etsə də səhmlərin ilkin hərrac qiyməti bundan iki dəfə azdır.   

Əsasən regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri üzrə ilkin hərrac  qiyməti 250-9100 000 manat arasında dəyişir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları arasında Lənkəran rayonu, Moloja kəndində yerləşən Sənətkarlıq klubu, Şəmkir rayonu, Keçili kəndindəki “Çinar” soyuducular zavodunun filialı, yun tədarükü məntəqəsi, Balakəndəki “Qubek otel” istirahət zonası və digərləri var. Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da mövcuddur. 

Avtomobillərə gəlincə, 2005-ci ilə aid “Tofaş Şahin”in hərrac qiyməti 1000 manat, 2006-cı ilin istehsalı olan “Nissan Maxima” 5000 min manat, 2007-ci ildə istehsal edilmiş  “Toyota Camry” markalı avtomobilin start qiyməti 13 000 manat, 2013-cü ilin “BMW 760LI”si 50 000 manatdır. Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir. Nəqliyyat vasitələrinin əksəriyyəti Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidmətinin istismarında olub.

Qeyd etmək lazımdır ki, özəlləşdirmənin ümumi daxili məhsul istehsalının, büdcə gəlirlərinin artımı, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi, ərzaq və enerji təhlükəsizliyi kimi töhfələri ilə yanaşı, əhali və sahibkarlar üçün də bir çox üstünlükləri var. Bu üstünlüklərə əsasən, dövlət əmlakını mövcud bazar dəyərindən 20-30 faiz aşağı qiymətə əldə etmək imkanı, xüsusilə də investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə zamanı investisiya qoyuluşu müqabilində əmlakın daha aşağı qiymətə əldə edilməsi aiddir.      

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilkin addımlar müstəqilliyin bərpasının ilk illərindən başlayıb. Özəlləşdirmə siyasətini həyata keçirən qurum 1992-ci il iyunun 23-də Dövlət Əmlak Komitəsi kimi yaradılıb, sonradan bir neçə dəfə struktur dəyişikliklərinə məruz qalmış, 2019-cu ildən isə İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməklə Əmlak Məsələləri Dövlət Xidməti kimi fəaliyyət göstərir. Həmçinin özəlləşdirmə prosesini tənzimləyən qanun 1993-cü ildə qəbul edilmiş, lakin sonradan ona könüllü dəyişikliklər edilərək 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”na qanun statusu verilib. Özəlləşdirmə prosesinin növbəti mərhələsini tənzimləyən qanunvericilik 2000-ci ildə işlənilmiş və yeni qanunla yanaşı, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” da Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilib. İndiyədək dövlət müəssisələrinin bazasında 1567 açıq səhmdar cəmiyyəti yaradılıb ki, onlardan 1465-nin səhmləri tam özəlləşdirilib. Həmçinin 50 minə yaxın kiçik müəssisə və obyekt, qeyri-yaşayış sahəsi və yarımçıq tikili özəlləşdirilib. Eyni zamanda, 8503 müəssisə və onun altında yerləşən torpaq sahəsi 6287,5 hektar torpaq sahəsi özəlləşdirilib. Ümumilikdə, özəlləşdirmədən dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsait daxil olub.

Dövlət əmlakının hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi prosesi davam edir. Ölkə başçısının 2021-ci ildə imzaladığı Sərəncamla 8, Əmlak Məsələləri Dövlət Xidməti və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əldə edilmiş razılaşmaya əsasən, 21 müəssisə və obyekt özəlləşdirməyə açılıb. Onlardan ikisi artıq özəlləşdirilib.