22 Dekabr 2024

Özbəkistanda keçirilən Beynəlxalq tədbirdə Azərbaycan təmsil olunubFOTO

Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq ana dili günü münasibətilə tədbir keçirilib. 

Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Barno Abdullayeva bütün dünyada qeyd olunan Beynəlxalq ana dili gününün tarixi barədə məlumat verib, bu əlamətdar günün Özbəkistanda da yüksək səviyyədə qeyd edildiyini vurğulayıb. O, Özbəkistanda ana dilinə olan dövlət qayğısından danışıb, bu məqsədlə ölkədə fəaliyyət göstərən elm, təhsil müəssisələrinin yaradıldığını və fəaliyyət göstərdiyini vurğulayıb. 

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ana dilinin hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biri olduğunu vurğulayıb. Dünyanın ən qədim, zəngin və gözəl dillərdən biri olan Azərbaycan dilinin də müasir dövrdə türk dilləri arasında aparıcı, sevilən bir dili olduğunu vurğulayan Samir Abbasov Azərbaycan dilinin inkişafına dair Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramının qəbul edildiyini bildirib. Diplomat ana dilimizin təbliği və tədrisi sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda həyata keçirilən layihələrdən danışıb. Samir Abbasov bu sahədə həyata keçirilmiş ən böyük uğurun Özbəkistanın iki aparıcı ali təhsil məktəbində artıq bir ildən çoxdur ki, Azərbaycan dilinin tədrisinin olduğunu vurğulayıb. 

Daha sonra çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xarici dillər kafedrasının müdiri Şahzoda Abdullayeva müasir dövrdə əcnəbi dil biliklərinin çox önəmli olmasına baxmayaraq hər bir şəxsin üçün öz ana dilinin əziz olmasının və gənc nəslin də ana dilə sevgi ilə böyüməsinin vacibliyini vurğulayıb.

Çıxış edən Universitetin Azərbaycan dili müəllimi Mətanət Xudiyeva Özbəkistan ali məktəblərində Azərbaycan dilinin tədrisinin böyük tarixi hadisə olduğunu və tədrisin təşkilinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dərin təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Universitet tələbələri tərəfindən Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib, Özbək, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Kaykep Əliyeva adına “Azərbaycan” rəqs ansamblının ifasında milli Azərbaycan rəqsləri, universitetin özfəaliyyət dərnəklərinin ifasında isə dünyanın müxtəlif xalqlarına aid milli rəqslər nümayiş etdirilib, musiqilər ifa edilib.

Tədbirin sonunda universitetin ictimai həyatında göstərmiş olduqları fəaliyyətlərə görə bir qrup tələbələrə fəxri diplomlar təqdim olunub.