Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcək
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən, cari il 20-23 oktyabr tarixlərində bu ölkənin Qarakalpakstan Respublikası və Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcək.
Musavat.com xəbər verir ki, layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə sözügedən vilayətlərin rəhbərliyi dəstək göstərir.
İlk olaraq “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin Nukus şəhərində Berdaq adına Qaraqalpaq Dövlət Musiqili Teatrında rəsmi açılış mərasimi olacaq, Azərbaycan sənətçilərinin iştirakı ilə bədii proqram təqdim olunacaq. Tədbirlərin davamı olaraq Acıniyoz adına Nukus Dövlət Universitetində Hüseyn Cavid adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı nəzərdə tutulub.
Tədbir çərçivəsində Nukus Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, Azərbaycan milli geyimlərinin moda sərgisi, kitab sərgisi, yeni Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub.
Özbəkistanın Xorazm vilayətinin Xivə və Urgənc şəhərlərində də “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.
Urgenç Dövlət Musiqi və Dram Teatrında Azərbaycan – Özbəkistan Dostluq Konserti təşkil olunacaq, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan saz ustaları, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının çıxışları nəzərdə tutulub.
Urgənc Dövlət Universitetinə “Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi əlaqələr: perspektivlər” mövzusunda konfrans, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycana dair Özbək dilində nəşr olunan kitabların sərgisi təşkil olunacaq.
Sözügedən tədbirlər çərçivəsində Nukus və Xivə şəhərlərində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığına dair çəkilmiş “Oltin koprik: Qızıl körpü” adlı sənədli film və “Dostluğun madhi” musiqi klipinin nümayişi nəzərdə tutulub.
Tədbirlər zamanı hər iki regionun kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyaları hədiyyə olunacaq.
Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində Özbəkistanda səfərdə olacaq Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayevanın da iştirakı nəzərdə tutulub.
Tədbirlərdə Millət vəkili Qənirə Paşayevanın Özbəkistan səfərinin xatirələrinə dair “Addım addım Özbəkistan” adlı kitabının təqdimatı da keçiriləcək. Özbəkistanın Qarakalpakstan Respublikası və Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri hər iki ölkənin mətbuatında geniş işıqlandırılacaq.
Media1.az