19 Noyabr 2025

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə həm də türk dünyasının gələcəyinə yönəlik yol xəritəsidir. Çünki müsahibədə səsləndirilən fikirlər Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında yüksələn əməkdaşlığın miqyasını və dərinliyini açıq şəkildə ortaya qoyur. Müsahibə zamanı bir çox məsələlərə toxunan cənab Prezident qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin formalaşdırdığı tarixi, mədəni və geosiyasi məkan bu gün yeni reallıqların, yüksələn əməkdaşlıq dinamikasının təməlində dayanır. Xəzər dənizi isə bu böyük coğrafiyanın yalnız xəritədəki sərhədlərini deyil, xalqların strateji birliyini, iqtisadi gücünü və ortaq tarixini birləşdirən müqəddəs bir körpü rolunu oynayır. Prezident vurğulayıb ki, onu Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə etdiyi səfərlər Azərbaycanla region ölkələri arasında dərinləşən əməkdaşlığın simvoludur.

Müsahibədə Prezident son illər ərzində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yüksək səviyyəli səfərlərin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, təkcə son üç ildə qardaş ölkələrin liderlərinin Azərbaycana 30 səfər etməsi və dövlət başçımızın həmin ölkələrə 13 rəsmi səfəri münasibətlərin sürətlə genişləndiyini nümayiş etdirir. Orta Dəhlizin aktuallığı artdıqca, bu əməkdaşlıq yeni iqtisadi və nəqliyyat imkanları yaradır və regionun qlobal əhəmiyyətini daha da gücləndirir. Bu kontekstdə Özbəkistan xüsusi yer tutur. Azərbaycan üçün qardaş ölkə olan Özbəkistanla münasibətlər bu gün ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Prezident İlham Əliyev dövlət başçısı Şavkat Mirziyoyevlə səmimi dostluq münasibətlərinin ölkələr arasında strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib və bildirib ki, son bir il yarımda baş tutan beş yüksək səviyyəli səfər münasibətlərimizin səviyyəsinin sübutudur. Həmçinin Daşkənd və Bakı şəhərlərində keçirilən Ali Dövlətlərarası Şuranın iclasları iki ölkə münasibətlərinin inkişafında mühüm mərhələdir. İmzalanan sənədlər arasında Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik barədə Müqavilə, 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi Azərbaycan–Özbəkistan əlaqələrinin sistemli, uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradır.

Cənab Prezident qeyd edib ki, “Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəyişməz dəstək, Qarabağın bərpasına verdiyi töhfə, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi – qardaşlıq münasibətlərinin sarsılmaz nümunəsidir. Bu, sadəcə bir tikili deyil, xalqlarımız arasındakı sevgi və hörmətin canlı rəmzidir.”

Cənab Prezident vurğulayıb ki, “Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk. Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir. Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir. Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub. Fürsətdən istifadə edərək, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.”

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı