22 Dekabr 2024

Özbəkistan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin xarici siyasətinin əsas tərkib hissəsi olan türk dünyasının həmrəyliyinin təmin edilməsi ilə bağlı atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı hər zaman bizim məhz bu ailədə birlikdə güclü olduğumuza əminliyini ifadə edir. Avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri özündə çox mühüm məqamları ehtiva edir.

Azərbaycan və Özbəkistan tarixən iki yaxın xalq, iki yaxın ölkədir. Qədim tarixi birlik təməli qarşılıqlı fəaliyyətin inkişafı üçün həlledici məqamlardandır. Bu iki qardaş ölkənin liderlərinin şəxsi dostluğu Azərbaycan və Özbəkistan qarşılıqlı münasibətlərinə güclü impuls verir. Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə həmin ölkədə iltifatlı münasibətin ali dərəcədə olması, şəhərin bütün küçə və prospektlərinın məhz Özbəkistanın və Azərbaycanın milli bayraqları ilə bəzədilməsi, prospektlərdəki elektron tablolarda hər iki ölkə liderlərinin, Şavkat Mirziyoyevlə İlham Əliyevin qoşa şəkillərinin olması əlbəttə ki, diqqətdən yayına bilməz və heç bütün dünya ictimaiyyətinin diqqətindən də yayınmadı. Ölkələrimiz, eləcə də ölkə rəhbərlərimiz arasında qarşılıqlı münasibətlərin ən yüksək səviyyədə olduğuna bütün dünya bir daha əmin oldu. Sözsüz ki, belə yüksək dərəcədə olan münasibətlər ilk növbədə, Azərbaycan-Özbəkistan dostluğundan, ölkələrimiz arasındakı etibarlı əlaqələrin, eləcə də əməkdaşlıqların, hətta müttəfiqliyin, həmçinin qardaşlıq münasibətlərinin gələcək perspektivindən xəbər verir.

Özbək xalqının hər zaman Azərbaycan xalqına qardaş dəstəyi verdiyinin dəfələrlə şahidi olmuşuq. Unutmaq olmaz ki, özbək xalqı istər ərazilərimizin işğalda saxlanıldığı dövrdə, istərsə də İkinci Qarabağ müharibəsi zamanında xalqımıza dəstək verib. Ərazilərimizin 30 illik işğalı zamanı Özbəkistanın Ermənistanla diplomatik münasibətlərinin olmaması, həmin illər ərzində qardaş ölkənin Ermənistanda səfirlik açmaması, eləcə də Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməməsi özü bu dəstəyin isbatıdır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasında kömək edən ilk ölkə məhz Özbəkistan olub. Məhz Özbəkistanın sərmayəsi ilə Xankləndində tikiş fabrikinin tikintisi, ərazilərimizin bərpasına kömək olmaqla yanaşı, minə qədər yeni iş yerinin açılması deməkdir.

Ötən il avqustun 23-də işğaldan azad edilən Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və iki qardaş ölkə arasında münasibətlərin rəmzi kimi diqqəti cəlb edən, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı deyilənləri təsdiq edir və qardaş ölkənin məhz ərazilərimizin bərpasında iştirakının bariz nümunəsi sayılır. Sözsüz ki, dövlət başçımızın qardaş ölkəyə səfəri heç də təsadüfi sayıla bilməz və xüsusi əhəmiyyət kəsb etdiyi də zərrə qədər şübhə doğurmur. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı və dərin inteqrasiyanı genişləndirməklə yanaşı, geosiyasi proseslər və bu proseslərin regiona təsirlərindən, xüsusilə nəqliyyat dəhlizlərindəki mübarizədən də qaynaqlanır. Nəzərdən qaçırmaq lazım deyil ki, ABŞ, eləcə də Çin-Rusiya cəbhəsinin Orta dəhlizə nəzarət uğrunda qarşıdurmasının kəskinləşdiyi bir dönəmdə dəhliz üzərindəki ölkələr çətin seçimlər qarşısındadırlar və rəsmi Bakının həyata keçirdiyi siyasət Orta dəhlizdə Azərbaycanın və marşrut üzərindəki ölkələrin strateji əməkdaşlığına nail olaraq, geosiyasi cəbhələrin təzyiqləri qarşısında mövqelərin güclənməsinə hesablanıb. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji tərəfdaşlığı inkişaf etdirməsinin bir neçə istiqamətdə əhəmiyyətinin olduğu qəbul edilməkdədir.

İlk öncə onu diqqətə çatdırmaq yerinə düşərdi ki, sözügedən həmin tərəfdaşlıq ABŞ və Çin-Rusiya cəbhəsinə qarşı daha güclü mövqe sərgiləmək, bu cəbhələri əməkdaşlığa sövq etmək baxımından əvəzsizdir. Unutmaq lazım deyil ki, bu tərəfdaşlıq həm təzyiq dalğasını zəiflədəcək, həm də bu marşrut üzərindəki ölkələrin dəstəyini qazanmaq uğrunda rəqabəti daha da artıracaq. Məhz elə bu səbəbdən də əbəs yerə deyil ki, Orta dəhliz üzərində iki önəmli oyunçu olan Azərbaycan və Özbəkistan bir-birini qarşılıqlı tranzit ölkə olaraq görürlər.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı