Öz müdrik siyasəti ilə xalqının sonsuz sevgisini qazanmış xoşbəxt lider
Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Və ulu öndərin yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyev 21 illik müstəqil, qətiyyətli, prinsipial siyasəti və sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Prezident İlham Əliyev 21 il öncə verdiyi bütün vədləri yerinə yetirərək bir daha sözünün imzası qədər dəyərli olduğunu göstərdi. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir.
Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı nümayiş etdirir. Ona görə də, 15 oktyabr 2003, 15 oktyabr 2008, 9 oktyabr 2013, 11 aprel 2018 və 2023-cü il 7 fevralda keçirilən prezident seçkilərində xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa və sözünün üstündə həmişə dayanmış şəxsiyyətə, ən əsas, sözü ilə əməlinin üst-üstə düşdüyü qüdrətli liderə səs verdi. Əlbəttə, Prezident İlham Əliyevin 21 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Azərbaycan Prezidenti çıxışlarında da dəfələrlə qeyd edir ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”.
Son 21 ilin reallıqlarının təhlili hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Dövlət başçısı İlham Əliyev 2024-cü il 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik” söyləyərək onu da əlavə etdi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı