27 Avqust 2025

Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra dövlətçiliklə bağlı olan bütün sahələrdə ciddi islahatlar həyata keçirilməyə başladı. Belə islahatlar həm dövlətin siyasi nüfuzunu artırır, həm də onun daxili siyasətini istər hüquqi, istərsə də tarixi müstəvidə genişləndirirdi. Belə islahatlardan biri də dil məsələsi idi.

Ən böyük azərbaycanlı olan Heydər Əliyev deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.

Dil siyasəti Azərbaycan dövlətçiliyində həmişə həssaslıqla inkişaf etdirilən sahələrdən biri olub. Bu sahə üzrə həyata keçirilən müxtəlif xarakterli tədbirlər dövlət-dil vəhdətinin tarixi-hüquqi ayrılmazlığını təmin edirdi. Tarix təsdiqləyir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlananda dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edildi.

Dil siyasəti Azərbaycanda mühüm dövlətçilik atributlarından biri olub. Bu baxımdan müstəsna əhəmiyyətə malik olan Dövlət Dil Komississiyası yaradıldı. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu Fərman həm Azərbaycan dilinə marağın daha elmi əsaslarla formalaşmasını, həm dünya dilləri sırasında Azərbaycan dilinin layiq olduğu yerin yüksəkliyini təsbit etdi, həm də Azərbaycan dilinin zənginliyinin dünya dillərinə inteqrasiyasını istiqamətləndirdi.

2002-ci il sentyabr ayının 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadəsi ehtiyacları üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da Azərbaycan Respublikasının dövlət dilinin həmişə diqqət mərkəzində saxlanıldığının təsdiqidir.

1 avqust Azərbaycan əlifbasi və dili günüdür, azərbaycançılıq sevgisiylə əhatələnən gündür, dövlətçiliyə sədaqətin nuru ilə işıqlanan gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyir ki, “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı