Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz
Hər bir millətin ən mühüm və ən güclü vasitə kimi maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun ana dilidir. Hər bir dil özündə bir tarix yaşadaraq xalqın mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Azərbaycan dilinin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələləri dərin məntiqi mühakimələrlə əsaslandırılırdı.
Ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə yeni sərəncamın verilməsi dövlətimizin ana dilimizə – dövlət dilinə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir. Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir.
Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Dil siyasətində Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin dövlətçiliyin inkişafı və Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif dövlət tədbirlərində çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.
Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə həyata keçirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini