23 Dekabr 2024

Ordumuz təlimlərə başlayır: 10 minlik şəxsi heyət iştirak edəcək

Təlimlər müdafiə nazirinin rəhbərliyi ilə həyata keçiriləcək

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Media1.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.