08 Sentyabr 2024

Ordumuz qürur mənbəyimizdir

Hər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır.

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.

Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Bu, dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi