08 Sentyabr 2024

Ordu xalqın bir hissəsidir

Hər bir xalq öz müstəqilliyini, süverenliyini və milli azadlığını qoruyub saxlamaq üçün güclü orduya sahib olmalıdır. Güclü və etibarlı ordu dövlətin müstəqilliyinin təminatçısı olmaqla yanaşı, eyni zamanda möhkəm və daimi sülh üçün də vacib amildir. Müstəqil dövlətin atributlarından biri olan ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin güclü və qüdrətli olmasını təmin edir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.

Bu baxımdan qürurla deyə bilərik ki, müstəqillik dövründə qazandığımız ən böyük nəaliyyətlərdən biri də məhz güclü milli ordumuzun yaradılması olmuşdur. Bugünki Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir. Müstəqil Azərbaycanın qüdrətinin əsasını Azərbaycan xalqı və onun bir hissəsi olan ordumuz təşkil edir.

“Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” “Silahlı qüvvələrimizin hər bir əməkdaşı gözəl bilir ki, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir, sülhün və əmin-amanlığın təminatçısıdır.” Bu ifadələri işlədən ümummilli lider Heydər Əliyev işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək və gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün orduya diqqət və qayğının göstərilməsini xüsusi vurğulayırdı.

Hal-hazırda günü-gündən güclənən və təkmilləşən müasir ordumuz var. Ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik və heç kəsin torpağında gözümüz yoxdu. Güclü ordu bizə daim ölkəmizin ərazi bütövlüyünü qorumaq və sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün gərəkdir. Bu Azərbaycan xalqının ali məqsədidir və dövlətimizin apardığı siyasət və əməli fəaliyyət də bundan ibarətdir.

Əfqan Qasımov YAP Ağstafa rayon təşkilatının əməkdaşı