08 Sentyabr 2024

Onlayn təhsil – “Müəllim yaxşı dərs keçmir, əlavə tapşırıqlar vermir…”

“Qızım 4-cü sinifdə oxuyur. Yaxınlarda onlayn qiymətləndirmədə iştirak etdi. 40 sualdan cəmi 23-nə cavab verdi. Suallara da baxdım, elə də çətin deyildi. Açığı bu nəticədən sonra çox narahat olmuşam. Hər yer bağlıdır, koronaya yoluxduğumuza görə uşağı heç repetitor yanına da apara bilmirik. “Teams”də müəllimin keçdiyi dərsin nəticəsi də göz qabağında. Müəllim yaxşı dərs keçmir, üzdən yanaşır, əlavə tapşırıqlar vermir, yoxlamır. Uşaqlarımız kor kimi qalıb”.

Bu sözləri Aysel Əliyeva Musavat.com-a deyib. O, Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn  qiymətləndirmədə övladının aşağı nəticə göstərməsindən narahatlığını bildirib. Valideyn müəllimlərin fəaliyyətinə nəzarəti gücləndirməyi xahiş edib:”İstərdim ki, müəllimlərin dərs keçmə metodokası izlənilsin, qiymət verilsin. Ən yaxşılar mükafatlandırılsın. Və ən əsası peşəkar müəllimlərin dərs metodikası başqalarına da nümayiş etdirilsin, eyni üsul bütün müəllimlərdən tələb olunsun. Yoxsa onlayn təhsildə bizim uşaqlarımızın gələcəyi məhv olur”.

Digər valideyn Şəhanə Məmmədova da övladının milli qiymətləndirmədə iştirak etdiyini deyib: “Oğlum testləri gec göndərdiyinə görə cavab gəlmədi. Amma mənim narazılığım odur ki, bu qiymətləndirmənin nə mənası var ki?! Valideynlərin əksəriyyəti cavabları özləri yazdılar, rüblük qiymətinə təsir edəcək deyib, uşaqlarına kömək etdilər. Amma kaş ki, uşaqların belə testlərlə hər həftə biliyi yoxlansın. Bilərdik ki, onlar bir həftə ərzində keçilən dərsləri qavrayıblar, ya yox”.

Son günlər sərt karantin rejimi tətbiq olunandan valideynlərin təhsillə bağlı narazılığı da artıb. Övladını repetitor yanına, özəl kurslara apara bilməyən valideynlər onlayn təhsildə yaranan çətinliklərdən, onlayn təhsilin keyfiyyətinin aşağı olmasından şikayətçidirlər.

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Dekabrın 19-da “Virtual məktəb” vasitəsilə təşkil olunan onlayn milli qiymətləndirmə  bəzi valideyndə çaşqınlıq yaradıb.

Təhsil Nazirliyi milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir etməyəcəyini elan etsə də, valideynlərin əksəriyyəti bunun əksini başa düşüblər. Övladının testlərini özü yazanlar kim, hətta müəllimlər arasında şagirdlərin yerinə cavab yazanların olduğu bildirilir.

Bəs görəsən, bu kimi məlumatların olması qiymətləndirmənin nəticələrinə təsir etməyəcəkmi? Onlayn təhsilin təkmilləşdirilməsi ilə bağlı daha nə kimi planlar var?

Bu və digər suallarla bağlı ilk olaraq Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla danışdıq. O, bildirib ki, keçirilən milli qiymətləndirmə tədqiqat xarakteri daşıyır:”Onlayn qiymətləndirmənin nəticələri yanvar ayında açıqlanacaq. Biz əvvəldən də demişdik, hər hansı qiymətləndirmə şagirdlərin rüblük qiymətinə təsir etməyəcək.

Bu ona görə bizə lazımdır ki, dəyərləndirə bilək ki, harda nəticələrimiz müsbətdir, harda mənfi. Ona uyğun da önləyici tədbirlər görəcəyik. Bunu etməyimizdə məqsədimiz budur.

Övladına kömək edən valideynləri də bilirik. Bizdə xüsusi qiymətləndirmə modulları var. Ona uyğun olaraq qiymətləndirmə aparılacaq. Hər hansı bir narahatlığa əsas yoxdur”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Təhsil eksperti Kamran Əsədov da məsələyə münasibət bildirib: “Təhsil Nazirliyi tərəfindən dekabrın 19-da keçirilən milli qiymətləndirmə mart ayından bəri onlayn portalda tədris prosesi həyata keçiriləndən sonra ilk dəfə ölkəni əhatə edən elektron imtahan prosesidir. Qeyd edim ki, hazırda ölkəmizin 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagirdin heç də hamısı elektron alətlərə, eleltron sistemə sahib deyil. Birmənalı şəkildə burda alətlər olmadığına görə dekabrın 19-da keçirilən milli qiymətləndirmədə kənarda qalan şagirdlər oldu. Bir vacib məqamı da qeyd edim, bu qiymətləndirmənin məqsədi heç də məktəbdaxili qiymətləndirmə deyildi. Sadəcə olaraq şagirdlərin onlayn resurslardan istifadəsi haqqında etibarlı məlumat toplamaq, eyni zamanda mart ayından bəri keçirilən tədrisin keyfiyyətini yoxlayıb ölçmək idi. Heç də məqsəd hər hansı şagirdə qiymətin verilməsi deyildi. Bu milli qiymətləndirmə “Virtual məktəb” portalı vasitəsilə həyata keçirildi. 4-6-9- cu sinif şagirdlərini əhatə edirdi. Həmin şagirdlər tədris dilindən, ingilis dilindən riyaziyyaydan müvafiq suallara cavab verirdilər. 4-cü siniflər 40 sual, 6- cı siniflər 60 sual, 9-cu siniflər 90 test tapşırığına cavab veriblər. Ümumiyyətlə, qeyd edim ki, bu kifayət qədər uğurlu qiymətləmdirmə kimi həyata keçirilsə də, gecikmiş bir qiymətləndirilmə idi. Əlbəttə, 9 ay ərzində bu tipli, bütün ölkəni əhatə edən imtahanlar təşkil edilməli idi ki, şagirdlərin elektron resurslara çıxış imkanları öyrənilsin. Düzdür, rəsmi rəqəmlərə görə hazırda “Virtual məktəb” portalından 1 milyon 300 min şagird qeydiyyatdan keçib. 1 milyon 100 min nəfər daimi olaraq iştirak edir. Amma biz bilirik ki, yalnız Bakı Abşeron -Sumqayıtdakı şagirdlərin 75 faizi elektron resurslara çıxışı əldə edib. Bakı şəhərində 440 min şagird, Sumqayıtda 38 min, Abşeronda 20 min şagird var. Bu qədər şagirdin 75 faizinin elektron resurslardan istifadə etməsi kifayət qədər yaxşı olsa belə, 25 faiz şagird bu resuralardan kənarda qalıb”.

K.Əsədov onu da qeyd edib ki, 19 dekabrda keçirilən milli qiymətləndirmədə kənar müdaxilələr müşahidə olunub: “Misal üçün, müəllimlərin şagirdlərin yerinə cavab yazması, şagirdlərə valideynlərin, digər ailə üzvlərinin kömək etməsi müşahidə edildi. Bu tipli məsələlər qiymətləndirməyə əks effekt verən təsirlərdir. Çünki bu zaman yanlış informasiya ortaya çıxır, məlumatlar düzgün və həqiqəti əks etdirmir. Digər tərəfdən isə bu milli qiymətləndirmə sisteminin hazırlanmasındakı boşluqları göstərir. Çünki test tapşırıqlarının texniki imkanları düzgün qiymətləndirilmir. Misal üçün Gürcüstanda bu tipli qiymətləmdirmə tamamamilə fərqli keçirilir. Orda belə qayda var, məsələn, çətin suala cavab verirsizsə, növbəti sual avtomatik olaraq çətin gəlir. Yaxud, növbəti sualda çətin suala cavab verə bilməyəndə proqram təminatı bir az asan sual verir. Yəni hər bir şəxs özünün bilik və bacarığına uyğun olaraq qiymətlındirilir. Təbii ki bu qiymətləndirilmədə ciddi təhlillər aparılmalıdır. Hansı bölgədə, hansı şagirdlərin qoşulması yaxud qoşulmaması, test tapşırıqlarına verilən cavablar burada əks olunmalıdır.

Biz bilirik ki, mart ayından bəri texniki və təbiət fənlərinin tədrisi onlayn qaydada keçirilməsi çox çətindir. Riyaziyyat, kimya, fizika individual qaydada lövhə üzərində iş tələb edir. Amma bu fənlərin heç də tədrisi onlayn qaydada həyata keçiriləndə effektiv deyil. Təbii ki, milli qiymətləndirilmə indiyə qədər həmişə keçirilib. Amma burda bir məsələ var, milli qiymətləndirilmə bu vaxta kimi 3-4 ildən bir keçirilirdi. Bunun məqsədi ölkədəki ümumi təhsilin vəziyyətini müəyyənləşdirmək, müxtəlif illərdə aparılan qiymətləndirmənin tədqiqatını müəyyənləşdirmək idi ki, həqiqətən verilən informasiya şagirdlər tərəfindən necə mənimsənilir. Amma bu tədqiqat sistemli şəkildə aparılmalıdır. Burda əsas məqsəd etibarlı mənbənin toplanmasıdırsa, onlayn imtahanlarda bunu görmürük”.

Afaq MİRAYİQ
Musavat.com