19 Mart 2024

On bir ayın sultanı gəldi, insanlar vacib əməlləri bilməlidir…

“İbadətdə birinci şərt insan qəlbini qırmamaqdır”- Rəsul Mirhəşimli

İslam aləmində on bir ayın sultanı adlandırılan Ramazan ayı bu gündən başladı.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada Ramazanın fəzilətləri barədə müqəddəs kitab Qurani-Kərimdə buyurulanlar diqqətə çatdırılır: “Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185). Fətvada o da qeyd edilir ki, Ramazani-şərif aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu aydır. Şükürlər olsun ki, artıq üçüncü Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq.

Bu müqəddəs ayda insanlar hansı vacib əməlləri yerinə yetirməlidirlər?

İlahiyyatçı Rəsul Mirhəşimli Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşərkən bunları bildirdi: “Ramazan ayının başlanması münasibətilə azərbaycanlı müsəlmanları təbrik edirəm. Allah bu mübarək ay boyunca oruc tutanların ibadət və dualarını qəbul etsin. Xəstəlikdən, yaxud başqa səbəblərdən oruc tuta bilməyənlərə də tezliklə bu ibadətin yerinə yetirmələrini nəsib etsin.
İnsanı ayaqda tutan ən böyük güc inancıdır. Ramazan ayı hər şeyin Haqdan gəldiyinə bir daha tərəddüdsüz inandığımızı təsdiq etdiyimiz mübarək aydır. Məhz iman da insanın gördüyünə və görmədiklərinə tərəddüdsüz inanmaqdır.

Ramazan ayı Qurani-Kərimin nazil olduğu ay olaraq dəyərlidir. Eyni zamanda, min aydan daha xeyirli Qədr gecəsini özündə gizlətdiyi aydır. Bu gecə Allahın rəhmət qapısı sonunadək qulunun üzünə açılar.

Bu ayda insanların üzərində vacib vəzifə olan məsələ oruc tutmaları, bu mübarək ayın sonunda zəkat verib, bayramqabağı imkansız insanları sevindirməyə vəsilə olmaqdır.

İbadətlər arasında oruc tutmağın xüsusi yeri var. Çünki kimin oruc tutub, tutmadığını Allahdan başqası bilməz. Başqa sözlə, oruc tutmaq göstəriş üçün yerinə yetirilməsi mümkün olmayan ibadətdir.

İrana xüms adı ilə niyə milyonlar göndərilir?

İlahiyyatçı onu da əlavə edib ki, Oruc tutan müsəlmanlar Ramazan ayı ilə bağlı dini qaydaları bilir, bu qaydalara uyğun da ibadətlərini yerinə yetirir: “Təkcə Ramazan ayında deyil, bütün həyatları boyu insanlardan özlərini qoruması tövsiyə edilən insan qəlbini qırmamaqdır. Ümid edirəm ki, oruc tutan soydaşlarımız da bu ilahi tövsiyənin işığında ibadətlərini davam etdirəcəklər. Hz.Mövlanə “Divani-kəbir”də Ramazan ayını dəyərləndirərkən bu ifadələrə yer verir:

“Ramazan gəldi, eşq və iman padşahının bayrağı yetişdi. Artıq maddi ruzilərdən əlini çək, çünki göylərdən mənəvi ruzilər gəldi. Can süfrəsi quruldu. Təbiətimizin istəklərinin əl-qolu bağlandı. Eşq və iman ordusu gəldi.

Madam ki, könül evinə müsafir olaraq can gəldi, onun uğruna bütün bədənimizi qurban edək. Səbir xoş bir buluddur. Ondan hikmət və mənəvi lütf yağar. Bu səbəbdəndir ki, Quran səbir ayında nazil olmuşdur. Bizi günahlar işləməyə təşviq edən nəfsimiz arınmağa möhtacdır. Ramazan gəlincə günah zindanının qapısı qırıldı. Can nəfsin əsarətindən xilas oldu. Meraca çıxdı, Sevgiliyə qovuşdu. Bu mübarək ayda könül də boş durmadı, ümidsizliyin qaranlıq pərdəsini yırtdı, göylərə uçdu. Can zatən bu kirli dünyaya mənsub deyildi. Mələklərdəndi, onlara yetişdi”.

Əvvəli rəhmətə, ortası mərhəmətə, sonu Cənnətə yol açan mübarək Ramazan ayında Allah-Təala oruc tutan bütün mömin müsəlmanların ibadətini Öz dərgahında uca mərtəbəyə qovuşdursun! Bu ayda Allaha ünvanlanmış bütün duaları qəbul eləsin!”

Afaq Mirayiq