21 İyun 2025

“Omikron” dünyada panika yaratdı, sərhədlər bağlanacaqmı? – Həkimdən xəbərdarlıq!

Həkim: “Xarici ölkələrə gediş-gəlişə yasaq qoymaq ”Omikron”un yayılmasının qarşısını almayacaq”

Koronavirusun “Omikron” variantı dünyada böyük təlaş yaradıb. İndiyədək bir çox ölkələrdə, o cümlədən Böyük Britaniyada, Niderlandda, Kanadada, Danimarkada, Almaniyada, Belçikada, Çex Respublikasında, İtaliyada və digər ölkələrdə “Omikron” ştammına yoluxma aşkarlanıb. Bu səbəbdən də bəzi ölkələr sərhədləri bağlayaraq turistlərin gediş-gəlişinə qadağalar qoyublar. Məsələn, İsrail hökuməti ölkəni turistlərin üzünə bağlayıb. Azərbaycana isə turist axını yeni başlayıb. Bizdə də qadağalar, qapanmalar ola bilərmi? Bunun faydası olarmı?

Yeri gəlmişkən, Azərbaycan Turizm Agentliyindən verilən məlumata görə, iyun ayından etibarən hava sərhədləri bir sıra ölkələr üçün açıq elan olunub. Hava yolu ilə 60-a yaxın ölkənin vətəndaşı Azərbaycana səfər etməyə başlayıb. Səfərlər üçün “COVİD pasportu”, test tələb olunur. Son ayların statistikasına görə, Azərbaycana gələn xarici vətəndaşların sayında artım var. Oktyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 90 min 973 nəfər olub ki, bu da ötən illə müqayisədə 167 faiz artım deməkdir. Ümumən, yanvar-oktyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 606 min 253 nəfər olub. Azərbaycanda pandemiyaya görə çökmüş vəziyyətdə olan turizm sektoru yeni-yeni dirçəlməyə başlayıb. Ekspertlər ölkədən gediş-gəlişə yasaqların qoyulmasının bu sektoru daha da iflasa uğradacağını bildirir.

WHO confirms Omicron Covid-19 variant in 23 countries. Here's the full list  | World News - Hindustan Times

Tedros Adhanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatı isə “Omikron”un meydana gəldiyi ölkələrə qadağaların tətbiqini düzgün hesab etməyib. ÜST-in baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, koronavirusun yeni “Omikron” ştammının ilk dəfə aşkar olunduğu dövlətlərə qarşı müvafiq tədbirlər görmək, onları “cəzalandırmaq” düzgün deyil: “Mən bütün ölkələrin öz vətəndaşlarını hələ tam başa düşmədiyimiz gərginlikdən qorumaq istəyini yaxşı başa düşürəm. Amma həm də narahatam ki, bəzi üzv dövlətlər faktiki olmayan və səmərəsiz, kəskin, ümumi tədbirlər tətbiq edirlər və bu, yalnız gərginliyi daha da gücləndirəcək. Biz bütün üzv dövlətləri Beynəlxalq Sağlamlıq Qaydalarına uyğun olaraq rasional, proporsional risklərin azaldılması tədbirləri görməyə çağırırıq”.

Yeri gəlmişkən, Azərbaycanda COVİD-19 infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib. Ölkəmizdə yoluxma sayı dördrəqəmlidən aşağı enmir. Ölüm sayı da yüksəkdir. “Omikron” Azərbaycanda da aşkarlanarsa, vəziyyət daha da pisləşə bilər.

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Hazırda ölkəmiz  üçün pandemiya ilə bağlı təhlükə yoxdur. Hazırkı durum stabildir. Belə deyək, su gəlməmiş çırmanmaq lazım deyil. Hələ virus aşkar olunmamış insanları panikaya salmaq düzgün deyil, bunun üçün əsas da yoxdur. Azərbaycanda epidemik durum qənaətbəxşdir. Əgər bizdə də aşkar olunarsa, yoluxma sayı artarsa, bundan daha vacib olan – ağır xəstələrin sayı artarsa, onda hər hansı bir karantin tədbirləri barədə düşünmək olar. Bu gün heç bir təşvişə, təlaşa ehtiyac yoxdur”.

Pressaz.az-Həkim-Aydın-Əliyev -covid-19 – Pressaz.Az

Aydın Əliyev

Həkim xarici ölkələrə gediş-gəlişə qadağaların qoyulmasını doğru saymayıb: “Biz dünyadan tam təcrid oluna bilmərik. Gediş-gəliş məhdudlaşdırılsa da, yenə də yoluxma ehtimalı var. Xatırlayırsınızsa, pandemiyanın kəskin dövründə bir çox ölkələrlə  gediş-gəlişin məhdudlaşdırılmasına baxmayaraq yenə də yoluxmalar oldu. Bu, yoluxmanın qarşısını almır. Sadəcə, yoluxma ehtimalını azaltmış olur. Hələ ki ”Omikron” yeni aşkar olunub, onunla bağlı kliniki, elmi cəhətdən sübut olunmuş məlumatlar yoxdur. Bilinmir ki, insanlar buna yoluxsalar, necə keçirəcəklər. Sadəcə, bəzi fikirlər var. Düşünürəm ki, yeni virus variantının öldürücülüyü artmayacaq, əksinə, azalacaq. Çünki dünyada peyvəndləmə aparılır. Sadə dildə desək, koronovirusun birinci ştammını ana virus kimi hesab etsək, bir çox peyvəndlər onun ətrafında hazırlanıb. Dünya əhalisinin əsas hissəsi demək olar ki, peyvəndlənib. Ölkəmizdə əksər insanlar yoluxub, sağalıb, immunitet əldə edib. Yəni ana virusu, birinci virusu bizim orqanizmimiz tanıyır. Bu mutasiyaya uğramış viruslar onun bir hissəsidir, bir az dəyişilmiş formasıdır. Ona görə də artıq istifadə olunan peyvəndlər yüz faiz də olmasa, ən azı 50 faizdən çox köməyi dəyəcək. Bu səbəbdən də təhlükəli bir vəziyyətin olacağını düşünmürəm”.

Oxu.az - İnfeksionist: “Dördüncü dalğa ehtimalı çox yüksəkdir” – FOTO

Nicat Əzimli 

Həkim-infeksionist Nicat Əzimli də “Yeni Müsavat”a mövzu barədə fikir bildirib: “”Omikron” variantı 9 noyabr 2021-ci il tarixində Cənubi Afrikada aşkarlanıb, 24 noyabr 2021-ci il tarixinə qədər ərazi üzrə 3 dominant variantdan birinə çevrilib. Yoluxma xüsusiyyətinin “Delta” variantından yüksək olduğu dəqiqdir. Digər xüsusiyyətlər, məsələn, xəstəliyin klinik gedişatında dəyişiklik, eləcə də öncəki variantlardan yaranmış immunitetə rezistentlik xüsusiyyəti isə araşdırılır. Vaksin istehsalı ilə məşğul olan şirkətlər təcili şəkildə bu varianta uyğun təkmilləşdirmə işlərinə başlayıb. Bəzi dünya ölkələri xarici ölkələrlə sərhədlərini bağlayıb. Bütün bunların səbəbi, qeyd etdiyimiz kimi, bu variantın dünyada çox sürətlə yayılma dinamikasıdır. Azərbaycanda isə bu varianta hələ ki rast gəlinməyib. Qapanmalarla bağlı sualı rəsmi qurumların nümayəndələri cavablaya bilər. Mən isə bir infeksionist olaraq, sadəcə, şərh edərək deyə bilərəm ki, buna ehtiyac yoxdur. Vaksinasiya hər bir halda epidemik vəziyyəti nəzarət altında saxlamağa imkan verir”.

İnfeksionist evdə düzgün müalicənin aparılmaması məsələsinə də münasibət bildirib: “Evdə müalicələrlə bağlı bunu deyə bilərəm ki, bu, mütəxəssis nəzarətində və müalicə protokollarına uyğun aparılması halında olarsa, normaldır. Lakin ağır halda xəstələrin evdə yanlış müalicələrlə gecikdirilməsi bir çox hallarda arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu mövzuda diqqətli olmaqda fayda var”.

Prof Ancha Baranova - YouTube

Ança Baranova

Qeyd edək ki, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova “TASS”a bildirib ki, koronavirusun “Omikron” ştammının əsas təhlükəsi insan orqanizmi tərəfindən istehsal olunan antikorların adətən birləşdiyi hissələrdə çoxlu sayda mutasiyaların olmasıdır. Digər ştammlara qarşı artıq formalaşmış immunitet “Omikron”la mübarizədə təsirli olmaya bilər. Bioloq qeyd edib ki, Honkonqda xəstəxanaya yerləşdirilən “Omikron” ştamlı xəstələr artıq tam peyvənd olunublar: “Bu, köhnə vaksinlərin yaratdığı immunitetin yeni varianta qarşı təsirli olmayacağını göstərir. Məlum olub ki, antikorlar S-zülalını etibarlı şəkildə tanıya bilmir, yəni virusun ətrafında yapışıb onu zərərsizləşdirə bilmirlər. Bu, böyük təhlükədir, xüsusən Honkonqda “Omikron”a yoluxmuş insanların tam peyvənd olunduğunu bildiyimiz halda”.