22 Dekabr 2024

Ölkəmizin xarici siyasəti uğurla inkişaf etdirilir

Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Azərbaycanın müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaş kimi qəbul olunması günümüzün reallığıdır. Bütün bunlar ölkəmizin hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunu həyata keçirməsinin məntiqi nəticəsidir.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm, inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, Almaniya “Dağlıq Qarabağ”ı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə Almaniyanın xarici ticarət palatası fəaliyyət göstərir.

Prezident İlham Əliyevin fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi ölkələr arası münasibətlərin müsbət inkişaf dinamikasının göstəricisidir. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, iş adamlarının bu səfərindən sonra Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı