14 Mart 2025

Ölkəmizin paytaxtı Bakı şəhəri qlobal məsələlərin müzakirə mərkəzinə çevrilib

Martın 13-də Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda öz işinə başlayan XII Qlobal Bakı Forumu dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimi, o cümlədən 50 fəaliyyətdə olan və sabiq prezidenti, Baş naziri, həmçinin BMT strukturlarının rəhbərlərini, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsinə geniş imkanlar yaradır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib” söyləyərək onu da əlavə etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bu illər ərzində çox əla işlər gördüyü və belə bir mühüm beynəlxalq tədbiri təşkil etdiyi üçün təbrik edirəm. Azərbaycan daim əməkdaşlığa, sülhə, təhlükəsizliyə, qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır.

Prezident İlham Əliyevin hər bir çıxışı əməkdaşlığa, birgə səylərin göstərilməsinə, hədəfə nail olmaq üçün birgə addımların atılmasına çağırışlarla zəngindir. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunda diqqəti 2019-cu ilin sonlarından dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycanın dəstəyindən, həmçinin iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbirinin əhəmiyyətindən geniş bəhs etdi. Bildirdi ki, COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Azərbaycan iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə də öz davamlı töhfələrini verir. COP29 tarixə Bakı nailiyyəti kimi yazıldı. Cənab İlham Əliyev XII Qlobal Bakı Forumunda ötən ilin mühüm hadisəsi olan COP29-da yüksək nəticələrin əldə olunmasında Azərbaycanın göstərdiyi səylərdən geniş bəhs edərək bildirdi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən Qlobal Bakı Forumları Azərbaycan reallıqlarının təbliğində mühüm rol oynayır. Artıq qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan olaraq belə tədbirlərə ev sahibliyi edirik. Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının regionda və dünya siyasətində yaratdığı yenilikləri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev şanlı Qələbəmizdən sonra Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklifindən və hazırkı vəziyyətdən danışaraq bildirdi ki, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq siyasətdə və qlobal çağırışların həllində aktiv rol aldığını nümayiş etdirdi. Bu çıxış, Azərbaycanın regional lider kimi rolu ilə yanaşı, qlobal məsələlərdə də təşəbbüskar olduğunu göstərdi. Forumda səsləndirilən fikirlər yalnız Azərbaycan üçün deyil, həm də qlobal diplomatiya, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və multilateralizm üçün əhəmiyyətli idi.

Beləliklə, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı həm Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm bir mesaj idi. Bu çıxış, Azərbaycanın müstəqil siyasət yürütməkdə davam edəcəyini və qlobal problemlərin həllində fəal iştirak edəcəyini göstərdi.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı