20 İyul 2024

Ölkəmizin əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

Dövlət başçısı müsahibəsində qeyd etmişdir ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirməklə, nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkədir.

Müsahibədə xüsusilə vurğulanmışdır ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olmuşdur, perspektivdə isə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.

Dövlət başçısının müsahibəsində o da qeyd olunmuşdur ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Ölkə Prezidenti müsahibəsində Azərbaycanın böyük tərəfdaşları olduğunu qeyd edərək “Masdar”ın ölkəmizin strateji tərəfdaşı olduğunu, həmçinin “ACWA Power” və BP şirkətlərinin də sərmayədarlarımız sırasında önəmli yer aldığını bildirmişdir. Bununla yanaşı hazırda etibarlı tərəfdaş kimi Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrdən bir çox şirkətlərin də olduğu qeyd olunmuşdur.

Sərmayədarlar tərəfindən verilən enerjinin mümkün qədər çox hissəsini qəbul edə bilmək üçün hazırda qarşımızda duran əsas məsələlərdən birinin milli enerji şəbəkəmizin gücləndirilməsi olduğunu dövlət başçısı müsahibəsində xüsusilə vurğulamışdır.

Ölkə Prezidentinin “Euronews” kanalına  müsahibəsində o da vurğulanır ki, hazırda Azərbaycanın özünə istehsalı planlaşdırılan qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Buna görə də ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq.

Cənab Prezident Beynəlxalq tərəfdaşlıq tələb edən məsələlərin tərəfdaşlarımızla həll edilməli olduğunu bildirərək qeyd etmişdir ki, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilməklə o, Avropaya lazım olan qaydada nəql olunsun.

Dövlət başçısı müsahibəsində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransa diqqət çəkərək bunun enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirdiyini vurğulamışdır. Cənab Prezident qeyd etmişdir ki, Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir.

Cənab Prezident keçirilən tədbirlərin İnklüziv platforma şəkli aldığını qeyd edərək, tədbirin öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldığını, sonra isə bərpaolunan enerji sahəsində işə başlanıldığı və tədbirin fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildiyini bildirmişdir. Dövlət başçısı həmçinin qısa müddət ərzində ölkəmizdə hər istiqamətdə – neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğur qazanıldığını diqqətə çatdırmışdır.

Ölkə Prezidentinin müsahibəsində tədbirə Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən birinin qlobal miqyasda birliyi və həmrəyliyi yaratmaq olduğu qeyd olunaraq bildirilir ki, COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit yaradılması nəzərdə tutulur ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Dövlət başçısının “Euronews” kanalına müsahibəsi ölkə vətəndaşları kimi Laçın rayon sakinləri tərəfindən də böyük maraqla izlənilmiş, hazırda digər sahələrlə yanaşı milli enerji şəbəkəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər və əldə olunan nəaliyyətlər, eləcə də ölkəmizin nəinki regionda həmçinin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsi razılıqla qarşılanmışdır.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı