Ölkəmizin energetika strategiyasında yeni uğurlu addımları

İyunun 24-də Mingəçevirdə 44 günlük Vətən müharibəsindəki Zəfərimizin şərəfinə “8 Noyabr” adlandırılan Elektrik Stansiyasının açılış mərasimi Azərbaycanın energetika strategiyası tarixinə uğurlu bir addım kimi əlavə olundu.
Məlum olduğu kimi, Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu. Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni səhifənin əsası oldu. Həmin səfər çərçivəsində hazırkı dövrün çağırışına uyğun olaraq bərpaolunan enerji sahəsində əməkdaşlığa yol açan layihələrin icrası geniş müzakirə edildi. Azərbaycan hazırda bu sahədə böyük potensiala malik olması ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı sözügedən açılış mərasimindəki çıxışında diqqəti bəzi məsələlərə yönəldərək bildirdi ki, bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. İtaliya ilə xüsusilə energetika, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlanılıb. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Hər iki ölkə ilə Azərbaycanın siyasi əlaqələri də çox yüksək səviyyədədir. Münasibətlərimiz çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi həm enerjiyə olan daxili tələbatının ödənilməsində, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır.
Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu inam hazırda regional çərçivədən çıxaraq beynəlxalq miqyas alan əməkdaşlıqda özünün aydın ifadəsini tapır. Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların təməlini qoydu. Hazırda Azərbaycanın uğurla inkişaf etdirdiyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritetliyinin diqqətdən kənarda qalmadığını görərik. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatında öz sözünü dedi və yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul oldu. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək “8 Noyabr” Elektrik Stansiyasının açılışı da Azərbaycanın gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.
“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. “Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı