22 Dekabr 2024

Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib

Bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Vətəni sevmək, ona doğma ana kimi müqəddəs bağlılıq azərbaycanlı olaraq ən ali və ən müqəddəs dəyərlərimizdir. Həqiqətən də insan öz Vətəninə və doğma yurduna hədsiz bağlılıqla xoşbəxt ola bilər. Dahilərdən birinin qeyd etdiyi kimi bir ölkənin ərazi baxımdan böyüklüyü həqiqi ölçüsünü ifadə etmir və bir milləti millət edən torpaq deyil. Torpaq sadəcə anadır, Vətəndir. Torpağı, onun üstündə yaşayanları qoruyan, milləti millət edən isə  liderdir. Bütün dövrlərdə lidersiz bir xalqın yaşadığı ağrıları, acıları  görmək o qədər də çətin deyil. Ötən əsrin sonlarında müstəqil Azərbaycanın ictimai- siyasi həyatına nəzər salanda lidersizlik mühitinin yaratdığı faciələri, xaosu və vətəndaş itaətsizliyini aydın görmək mümkündür. Əgər həmin dönəmdə xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı, bugünkü müstəqil Azərbaycanın varlığı şübhə altında idi. Ən ağır gündə ulu öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycana, xalqımıza sahib çıxaraq müstəqilliyimizi qorumaqla kimin kim olduğunu nümayiş etdirdi. Bu böyük şəxsiyyət könülləri əbədi fəth edərək əsl xilaskar  kimi millətimizi və dövlətimizi yıxılmağa qoymadı.

Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.

Cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Azərbaycan biri-birindən möhtəşəm uğurları ilə dünyaya Günəş kimi doğdu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın dalğalanması gücümüzün, qüdrətimizin, eyni zamanda, xalqımızın yenilməzliyinin, məğrurluğunun, öz tarixinə, mədəniyyətinə, torpağına sahib çıxmasının təqdimatıdır. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır və bu yol bundan sonra da ölkəmizə zəfərlər qazandıracaq.  

Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və son 19 ildən çox zaman kəsiyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəvidə davam etdirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir.

Bir həqiqətdir ki, regionun ən güclü dövləti olan Azərbaycanda Heydər Əliyev siyasi kursuna olan xalqın etimadı və Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyi dayanır. Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa cənab İlham Əliyev fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük  Vətən müharibəsində qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri və xilaskarıdır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri