24 İyun 2024

Ölkəmizin beynəlxalq mövqeyi güclənir

Məlum olduğu kimi, iyunun 4-də Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi növbəti dəfə öz işinə başladı. Qeyd edək ki, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı oldu. Yeri gəlmişkən, 1994-cü ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu tədbirdə müxtəlif ölkələri təmsil edən qlobal şirkətlərin sayı ildən-ilə artır.

29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında son 30 il ərzində imzalanan bütün müqavilələrin tam həyata keçirildiyini, onların parlament səviyyəsində ratifikasiya edildiyini və qanun şəklində imzalandığını diqqətə çatdırdı. Həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə də bu gün bütün dünya ölkəmizdə daha bir seqmentin, yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı sahəsinin sürətlə inkişaf etdiyini müşahidə edir. Onu da qeyd edək ki, bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın yaxın iki ilə hesablanmış planları barədə Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamalar xüsusilə böyük maraq doğurub. Dövlətimizin başçısı çıxışında ölkəmizin 2027-ci ilin sonunda artıq 2 qiqavat bərpaolunan enerji istehsal edəcəyini anonslayaraq, bu gücün müəyyən bir hissəsinin də məhz azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində olan nəhəng su elektrik enerjisi potensialının reallaşdırılması hesabına əldə ediləcəyini vurğuladı.

Bu gün bütün dünyada, xüsusilə Avropa qitəsində enerji sahəsində təbii qaz mövzusu hələ ki, daha çox diqqət mərkəzindədir. Böyük ehtimalla bu vəziyyət hələ uzun müddət dəyişməyəcək. Bu baxımdan da öz potensialını və resurslarını düzgün paylaşdıran Azərbaycan bu gün nəhəng enerji infrastrukturu yaratmaqla həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Lakin gələcəyə baxan ölkəmiz artıq bərpaolunan enerji sahəsində qlobal çalışmalar aparır və bu seqmentdə də aparıcı ölkələrdən olmağa iddialıdır. Ötən illər ərzində ölkəmizlə, neft sənayemizlə birgə inkişaf edərək genişlənən, şaxələnən, yeni sahə və mövzularla əhatə olunan Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi bu dəfə həm də bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olacaq.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. Daha bir önəmli fakt odur ki, budəfəki sərgilər və forum Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin yaşandığı dövrdə keçirilir. Nəhayət, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək.Ən əsası, Bakı Enerji Həftəsində bərpaolunan enerji ilə bağlı şirkətlərin çoxluq təşkil etməsi də ölkəmizin bu sahədə potensialının yüksək qiymətləndirildiyindən xəbər verir. Beləliklə, Azərbaycan bu gün bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və bu amil ölkəmizin beynəlxalq mövqelərini getdikcə daha da möhkəmləndirir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı