Ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir
Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına müsahibələri, eləcə də müxtəlif platformalarda etdiyi çıxışlar beynəlxalq ictimaiyyətin hər zaman diqqətində olur. “Euronews” televiziyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub. Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Uğurlamızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır.
Dövlət başçımızın “Euronews” televiziyasına növbəti müsahibəsində də mühüm əhəmiyyət kəsb edən məqamlara da toxunub. Ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır: “Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir”. Bəli, iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Məhz bu islahatların nəticəsidir ki, son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Son illərin göstəricilərindən də məlum olduğu kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Beləliklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan sürətli yüksəliş dövrünü yaşayır. Və Prezident İlham Əliyev “Euronews” televiziyasında yayımlanan müsahibəsində göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi