20 Mart 2025

Ölkəmizdə yürüdülən peşəkar diplomatiyanın nəticəsi

Ölkə başçısı cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ölkəmizin daxili və xarici siyasətinin əsas istiqamətlərini, regional və qlobal dəyişikliklərə uyğun strategiyasını aydın şəkildə nümayiş etdirdi. Ölkə rəhbərinin “Euronews” televiziyasına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə uğurlu daxili və xarici siyasət həyata keçirir. Dövlət başçısının vurğuladığı məsələlər, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və qətiyyətli mövqeyini, milli maraqlarını qorumaq üçün həyata keçirdiyi düşünülmüş siyasəti bir daha təsdiqləyir. Dövlət başçısı müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi fikirlər oldu.

Bu gün dünyada sürətli dəyişikliklər gedir və bəsi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil.

Prezident İlham Əliyevin dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə baxışını əks etdirən bu cümlələrdən aydın olur ki, hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Dövlət başçısının belə qəti fikir söyləməsi onunla bağlıdır ki, Azərbaycan müsqətillik illərində beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı və problemlərinin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadı, Prezidentin qeyd etdiyimi kimi, ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Dövlət başçısı müsahibəsində birmənalı şəkildə vurğuladı ki, milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. Bu gün Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, biz öz resurslarımız hesabına suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik.

Dövlətimizin başçısı, həmçinin təəssüflə vurğulayıb ki, hazırda münaqişələrin sayı artmaqdadır, yalnız Qarabağda olan münaqişə öz həllini tapıb. Özü də bu beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticə verməsi üçün ciddi səylər göstərdi. Amma dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır. Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz çökdürüldüyünün şahidi oldu.

Müsahibədən çıxarılan əsas qənaət ondan ibarətdir ki, Azərbaycan mövcud qeyri-müəyyən və dəyişkən beynəlxalq sistemdə özünəməxsus yol seçib. Bu yol – daxili gücə, milli maraqlara və tarixi ədalətə söykənən bir siyasətdir. Dövlət başçısının Forum barədə dedikləri isə Azərbaycanın yalnız regionda deyil, beynəlxalq səviyyədə də ideya və təşəbbüslərlə çıxış edən ölkə kimi mövqeyini gücləndirdiyini sübut edir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı