21 Noyabr 2024

Ölkəmizdə ilk dəfə keçirilən Mədəni İrs Forumu başa çatıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Gülüstan” Sarayında keçirilən Mədəni İrs Forumu başa çatıb.

Dekabrın 19-da forumun “Mədəni irs və müasir memarlıq: şəhərsalma prinsipləri” mövzusunda sonuncu panel sessiyası keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Əməkdar memar İlqar İsbatovun moderatorluğu ilə gerçəkləşən paneldə “Müasir Azərbaycan memarlığının inkişafı, milli elementlər və dizayn”, “Dayanıqlı şəhərsalma prinsipləri”, “İşğaldan azad olunmuş ərazilərdə memarlıq və şəhərsalma. Ağıllı şəhərlər”, “Böyük Qayıdış” proqramının reallaşdırılması: çağırışlar və hədəflər”, “Müasir şəhərlər və urbanizasiya məsələləri” və “Şəhərsalma və abidələrin qorunması” mövzularında çıxışlar dinlənilib.

Çıxışlardan əvvəl iştirakçılar panelin mövzusu ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış videoçarxı izləyiblər.ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır: “Bununla bağlı təhsil ocağında tələbələr arasında sorğu da keçirilib. Hesab edirəm ki, bu sahədə azad olunmuş ərazilərimizdə məskunlaşacaq insanların fikirlərini öyrənmək çox vacibdir”.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 2026-cı ilə kimi Ağdam rayonunda 1 şəhər 12 kənd, Füzuli rayonunda 1 şəhər 10 kənd, Xocavənd rayonunda Hadrut qəsəbəsi və Tuğ kəndi layihələndirilərək inşa ediləcək. Eyni zamanda genişmiqyaslı quruculuq işləri çərçivəsində tarixi-mədəni abidələrimizin bərpası da diqqət mərkəzindədir. Bu istiqamətdə də işlər həyata keçirilir.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı Şuşa şəhəri üçün hazırlanmış baş planın mövcud olan bütün abidələri əhatə etdiyini vurğulayıb: “Uzun illər müzakirələr aparılsa da, ölkəmizdə hələ də abidələrin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı problemlər mövcuddur. Ümid edirik ki, yaxın illərdə bu məsələ öz həllini tapacaq”.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Şəhərsalma şöbəsinin müdiri Rafik Mirzəyev hazırda bütün dünya əhatə edən urbanizasiya prosesi barədə söz açıb. Deyib ki, ölkəmizdə 79 şəhər mövcuddur. Hesablamalara görə, 30 şəhərin əhalisi 15 mindən, o cümlədən 4 şəhərin əhalisi 5 mindən aşağıdır. Hazırda əhalinin 56,4 faizi şəhər yerlərində yaşayır. Bu da təxminən 5,5 milyona yaxın əhali deməkdir”.Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.Bununla da ölkəmizdə ilk dəfə keçirilən Mədəni İrs Forumu başa çatıb.