Ölkəmiz dünya miqyasında özünə layiq yer tutdu
Oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın bu arzusunu da reallığa çevirdi. İlk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdiyini böyük fəxr hissi ilə diqqətə çatdırdı. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması hər birimiz üçün böyük xoşbəxtlikdir. Ölkə Prezidentinin Xankəndidən xalqa müraciətində qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Azərbaycan addım-addım bu ana doğru irəlilədi. Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 illik işğal dövründəki çıxışlarına diqqət yetirsək sonda belə bir əminliyin ifadə olunduğunu görərik ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü yaxınlaşdırmaq və reallığa çevirmək böyük qətiyyət, səylər tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi. Ölkəmiz dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Hər bir ölkənin müstəqil siyasətində iqtisadi amilin rolunu önə çəkən Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqımıza müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli Ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində, bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən lokal antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Bugünkü reallıqlarımız bir daha Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” çağırışının əməli işdə öz təsdiqini tapmasıdır. Üç il bundan öncə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. Həmin vaxt müharibə dayandırılsa da Azərbaycan xalqı çox yaxşı bilirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Ermənistan silahlı birləşmələri digər ərazilərimizdən də çıxarılacaq, o torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılacaq. Elə də oldu. Çox qısa müddətdən – üç ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Xankəndidən müraciət etdi. Bu, böyük xoşbəxtlik və bənzəri olmayan tarixi hadisədir. Xalqımıza bu şərəfli tarixi yaşadan və yaradan, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev, onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi