08 Sentyabr 2024

Ölkəmiz beynəlxalq dialoq məkanı olaraq seçilib

Regional və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan çoxvektorlu, praqmatik xarici siyasət həyata keçirir ki, bu da həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verməsi ölkəmizin beynəlxalq dialoq məkanı olaraq seçilməsini şərtləndirib.

Cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər”.

Xarici siyasətimizin strateji əsası real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. O bildirib ki, Azərbaycanın cazibə mərkəzinə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı