08 Sentyabr 2024

Ölkələrimiz arasındakı əməkdaşlıq yeni imkanlar yaradır

Sevindirici haldır ki, Tacikistanın paytaxtı Düşənbədə sentyabrın 14-də keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə ölkə rəhbərimiz cənb prezident İlham Əliyevin nitqində vurğuladığı istiqamətlər üzrə rəqəmlər davamlı artımın göstəricisidir. Məsələn, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ümumi ticarət dövriyyəsi 3 dəfədən çox, cari ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. İnvestisiya qoyuluşuna gəldikdə isə deyə bilərik ki, bu sahə daim diqqətdə saxlanılıb, birgə sərmayə fondları yaradılıb, qarşıdakı 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri də icra mərhələsindədir.

Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük inam yaradır. Qeyd edək ki, 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar və bundan bir il sonra müvafiq qanun qəbul edil­məsi ilə bu sahədə real addımların atılmasına başlanılıb. 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub. Cari il iyunun 9-da isə adı çəkilən iqtisadi zonanın birinci mərhələsi istifadəyə verilib. Azərbaycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə dövlətimizin başçısının iştirakı isə Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönələn siyasətinin real təməli kimi dəyərləndirilib. Regionun hər bir ölkəsi ilə ayrıca sazişlərin, əməkdaşlığın olmasını qeyd edən ölkə başçısı Mərkəzi asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizinin Azərbaycan olduğunu bildirərək söyləmişdir ki, bu yollar və imkanlar qardaş ölkələr üçün həmişə açıqdır və lazımi dəstək verməyə hazırıq: “Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.”

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu mənada regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi