20 Dekabr 2024

Ölkə rəhbərimiz tərəfindən Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə çatdırılır

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın regional və beynəlxalq arenadakı strateji mövqeyini və müstəqil xarici siyasət xəttini vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə Azərbaycan ilə Rusiya arasında 30 ildən artıq davam edən dostluq və əməkdaşlığın məntiqi nəticəsidir. Bu tarixi sənəd, iki ölkə arasında etibarlı tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti müsahibədə ilk olaraq Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini xarakterizə edib. 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da genişlənib. Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.

Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən müstəqil aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Cənab Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Təsadüfi deyil ki, Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib. Eləcə də, müsahibədə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verilib.

Dövlət başçısının fikirlərindən aydın olur ki, artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməkdir. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi kimi, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Həm də, bu missiya kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Ona görə də, rəsmi Bakı sərhəddə belə bir missiyanın mövcudluğunu yolverilməz hesab edir. Ermənistan anlamalıdır ki, onun sülhdən başqa çıxış yolu yoxdur.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qərəzli kampaniyaların ifşa edilməsi baxımından da böyük önəm kəsb edir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı