18 Aprel 2024

Oktyabr-dekabr aylarında bu viruslar yayılacaq- QORXUNC XƏBƏRDARLIQ

“Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”.

Media1.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, hazırda Azərbaycanda koronavurusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir:

“Dünyada da eyni tendensiya müşayiət olunur. Eyni zamanda aktiv xəstə sayına baxsaq xəstəxanaların yüklənmədiyini görə bilərik. Bu, hazırda dövriyyədə olan “Omikron” ştamının daha yüngül gedişi hesabınadır. Ümumdünya Səhiyyə Təşkilatı havaların soyuduğu dövrlərdə yoluxma hallarının sayında əhəmiyyətli artımların olacağını proqnozlaşdırır. Bu da təbii haldır. Belə dövrlərdə əhalinin sanitar qaydalara ciddi riayət etməsi daha da vacib sayılır. Xüsusən qapalı məkanlarda maskadan istifadə, otaqların tez-tez havalandırılması, insanların toplandığı məkanlarda daha az vaxt keçirmək, gigiyena qaydalarına əməl etmək və s”.

Nazirlik rəsmisi əlavə edib ki, yoluxma sayının artmasının karantin tədbirlərinin sərtləşdirilməsi ilə nəticələnəcəyi düşünülmür:

“Lakin pandemik həyat tərzi, yəni heç bir məcburedici qərarlar olmadan əhalinin tövsiyələr əsasında könüllü olaraq müəyyən qaydalara şüurlu surətdə əməl etməsi və bunun nisbətən kütləvi olması ümumi duruma xeyli müsbət töhfə verə bilər. Eyni zamanda peyvənd olunmamışların və ya buster doza almamış şəxslərin, xüsusən də risk qrupunda olanların vaksinasiya prosesinə könüllü qatılması arzuolunandır”.