Obyektiv həqiqətin təntənəsi
Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi. Çünki Azərbaycanın mövqeyi haqlı və ədalətli mövqedir. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqların müdafiəsi istiqamətində bir addım da olsun geri atmayacaqdır. Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən birmənalı olaraq tanınmış suveren ərazisidir. Orada yaşayan erməni millətindən olan əhali Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan öz vətəndaşları ilə olan münasibətlərini heç kimlə müzakirə etmək fikrində deyildir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturu, orada təmsil olunan daimi üzvlərin sayı və verdiyi qərarların ədalətli olub-olmaması və nə qədər uğurla icra olunub-olunmaması müzakirə və mübahisə mövzusu olsa da faktiki o, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının əsas orqanıdır. 16 avqust 2023-cü il tarixdə BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın Laçın yolunda baş verən hadisələrlərlə bağlı müzakirə keçirilmişdir.
Bütün Ermənistan və Fransanın təxribatlarına rəğmən Azərbaycan növbəti dəfə inanmlı diplomatik qələbə qazana bilmişdir. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir.
Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı. Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi