23 Fevral 2025

O körpülər yenə qurulacaq, istər qarğılardan, istərsə də daşlardan olsun , amma qurulacaq!

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova tədbirlərin birində gördüyü mənzərədən yaşadığı hissləri qələmə alıb. Maraqlı olduğunu nəzərə alıb, Media1.az yazını oxucularımıza təqdim edir.

Körpülər var… Ömrümüzdən, içimizdən, taleyimizdən keçən körpülər. Sadəcə bir görüntü bütün yaşantılarımı gözümün qabağından keçirdi. Kənd arası xırda-xırda arxların üstündə uşaqların çubuqlardan qurduğu körpülər. Bu hissin nə olduğunu uşaq vaxtı körpü düzəltmiş insanlar bilər.

Bu gün Mehdixanlıda sakinlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə çox gözəl tədbir təşkil olunmuşdu. Musiqiçilər və kənd camaatının da qatıldığı tədbirə şəhid ailələri və qazilər də gəlmişdi. Bu tədbirin içində şəkildə gördüyünüz uşağın qurduğu körpü müharibənin həyatımızdan, əlimizdən alıb apardığı o xoş günləri bir-bir xatırlatdı. Şahbulaqda həyətimizdə bir neçə kiçik arxlarımız var idi. Kiçik qardaşımla bərabər körpülər qururduq. Hətta möhkəm olsun deyə, palçıqdan da istifadə edirdik. Arxı körpüsüz də rahatlıqla keçə bilirdik zatən, amma körpünü qurmaqla özümüzü, əməyimizi önəmsəyirdik. Dağılmışı düzəltmək, yaratmaq, qurmaq xalq olaraq bizim genetikamızdan gəlir. Çox elementar bir misal deyim:Evdən çıxanda işıq, su, qaz, qapı-pəncərəni yaxşı-yaxşı yoxlayırsan ki, birdən açıq qalmış olar. Bizə aid olan bir evi başqasına satdığımız zaman belə, canımızın bir parçası olduğu üçün səliqə-səhmanına fikir veririk. 30 il sonra Şahbulağa gedəndə bir dənə daşı daş üstə görmədim. Nəinki ağacları kəsmək, kökünü belə qazımışdılar. Bəlkə əlacları olsaydı, o vaxtı Qarabağın bütün torpaqlarını kamazlara yığıb satardılar. Bu, şərəfini, vicdanını, adamlığını satmış Köçəryanların, Sarkisyanların, Ohanyanların mənəviyyatını göstərir. Bu, onu göstərir ki, onlar bizim min illər boyu qurduğumuz, yaratdığımız, möhtəşəmliyini xəyalımızda qoruyub saxlamağa çalışdığımız bütün keçmişimizi sildilər, əlimizdən aldılar.

Bəlkə də kənardan baxan hər kəsçün balaca uşağın düzəltdiyi adi bir körpü kimi görünür, amma özəlliyi çoxdur. Bütün tədbir boyu gözüm o uşağın xırda-xırda qarğı çubuqlarından düzəltdiyi körpüdə qaldı.Sanki o körpüdən keçib keçmişimə, doğma və yarım qalmış uşaqlığıma getdim. Şahbulağın əsrarəngiz təbiətini, havasını, bal kimi suyunu xatırlatdı. Bir də bu gününə döndüm Şahbulağın. Dağıdılmış, viran qoyulmuş evlər, xarabaya çevrilmiş vətən torpağı, qurumuş gilas ağacları, murdar ayaqları altında əzilmiş və sanki keçəlləşməyə doğru gedən dağı – bütün bunlar adamın yarasına basır. Düşünürsən, müharibə bitir, sənin ağrı-acın da bitir. Elə deyil. Taleyin təməlinə dəyən zərbələr həyatın hər mərhələsində fəsadını göstərir. Unudulmur, unutmaq olmur. Bu gün Qarabağçün “vətən” deyib bar-bar bağıran erməni gənclər, qadın və kişilər var. İstəyirəm, qarşılarına çıxıb vətəni göstərərək birbaşa sual verim ki, budur sizin vətən, torpaq sevginiz? Bir gül, bir ağac belə əkmədiyiniz bu torpaqlardan nə umursuz? Sevgi belə olmur, sevmək nəvaziş göstərməkdir, əzizləməkdir, hiss etməkdir, diqqətlə yanaşmaqdır. Sizin sevginiz xaraba qoyduğunuz evlərdən görünür. Ən sevdiklərimiz o torpaqda uyuyur, heç deyilsə, onlara xatir qayğıyla yanaşmaq lazım idi, amma bunların heç biri olmadı.

30 il sonra geri döndüyümüz Şahbulaqda xəyalımızdakı heç nəyi yerində görmədik. Hətta bir zamanlar dağın ətəyindəki daşın ortasından çıxan su bulağının yeri belə dəyişilib artıq. Yuxarı tərəfdən, əncirliklərin dibindən sısqa şəklində axıb gəlir. Təbiətin küsgünlüyü hər halından bəllidir. Bu, sözlə ifadə olunmaz bir duyğudur. Qərq olduğum bu düşüncələrin içindən tədbirə dönəndə tək ayağıyla üzügülər oynayan qazimizi gördüm, çox gənc idi. 20 yaşlı övladını torpağa vermiş şəhid anasını gördüm, çox cavan olmasına baxmayaraq, saçı bəmbəyaz idi. Onların qarşısında qürurla sinələrini qabağa verib bayrağımızın altında şeir deyən körpələri gördüm. Çox inamlı idilər. Sonra yenə arxaya çevrilib ümid və sevgiylə körpü düzəldən uşağı gördüm. Fərqində oldum ki, mənfur ermənilər nə qədər uçurub dağıtsalar da, biz yenə o körpünü quracağıq. Necə ki, 30 ildən sonra Azərbaycan ordusu Ali Baş komandanın rəhbərliyi ilə o torpaqları geri aldı, eyni əzmlə də Qarabağı dirçəldəcəyik. Bizim uşaqlığımızdan keçdi, olsun, eybi yoxdur, ancaq bizdən sonra gələnlər uşaqlıqlarını doya-doya yaşayacaqlar. Ermənilər nə qədər barbarlıq etsələr də, biz usanmadan o viran qalmış əraziləri yenidən canlandıracağıq. Çünki bu, bizim canımızdan, qanımızdan gəlir. Sevmək, sevdiyinə qayğı göstərmək, onu yaşatmaq bizim ruhumuza hopub. O körpülər yenə qurulacaq, ha qarğılardan, ha daşlardan, amma qurulacaq!

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova