19 Mart 2024

Nüvə əmri verildi, ordu hərəkətə keçdi – Dünyanı təşvişə salan ADDIM

Son zamanlar hərbi xərclərini xeyli artıran Şimali Koreya dünyanı təşvişə salan addım atıb. Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Amerika silahları ilə hərbi təlimlər keçirməkdə ittiham edərək, ölkəsini nüvə zərbəsi endirməyə hazır olmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı dövlət mediası olan KCNA yayıb.

Kim bunun çəkindirici bir hərəkət olacağını iddia edib. Şimali Koreya lideri bu barədə açıqlamasında deyib: “Şimali Koreyanın nüvə gücü düşməni ehtiyatsız hərəkətlərdən və təxribatlardan çəkindirəcək, onlara nəzarət edəcək və istiqamətləndirəcək, həmçinin ordumuz istənilən arzuolunmaz vəziyyətdə öz mühüm vəzifəsini tərəddüd etmədən yerinə yetirəcək”.

6417fde34e3fe1186c5a5b8f.jpg (93 KB)

Dövlət mediasının məlumatına görə, 1,4 milyondan çox koreyalı könüllü olaraq əsgərliyə və yenidən hərbi xidmətə qoşulub.

Digər tərəfdən, Çinin Hava Müdafiə İnstitutu ABŞ-ın müdafiə sistemində “ölümcül boşluqlar” aşkar etdiklərini və Şimali Koreyanın qitələrarası ballistik raketinin Amerikanı vura biləcəyini açıqlayıb.

Tədqiqat qrupunun fikrincə, Şimali Koreyanın “Hwasong-15” nüvə raketi təxminən 13 min kilometr uçuş məsafəsi ilə ABŞ-ın bütün nöqtələrini vurmağa kifayət edir. Üstəlik, bunun üçün cəmi 33 dəqiqə lazımdır.

Qeyd edək ki, Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya dünyanın ən qapalı və sirli ölkələrindən biri hesab olunur. İnternetə çıxışın məhdudlaşdırıldığı ölkədə milyonlarla insan tamam başqa reallıqda yaşayır. Dünya ilə əlaqənin sərt şəkildə kəsildiyi ölkə son dərəcə böyük orduya ev sahibliyi edir.