Novruz bayramını biz doğma Qarabağ diyarında qeyd edirik

Saflıq, bərabərlik, birlik bayramı olan Novruz ölkəmizin hər yerində, xaricdə yaşayan azərbaycanlıların ailələrində və qardaş Türk dünyasında geniş şəkildə bayram edilir. Son illərdə biz Novruz bayramını tamamilə fərqli əhval-ruhiyyədə keçiririk.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində İçəri şəhərdə Qoşa Qala qapısında Novruz tonqalı qalanarkən çıxış edərkən Ulu Öndər deyərdi ki, biz ölkəmizin ərazisini işğalçılardan azad, hüdudlarını bərpa edəcəyik. Ulu öndər Heydər Əliyev torpaqlarımızın düşmən tapdağından xilasının ən böyük təbliğatçısı kimi çıxış edirdi. Qarabağ həqiqətlərini, ermənistanın işğalı nəticəsində üzləşdiyimiz bəlaları dünya ictimaiyyətinə yorulmadan və usanmadan çatdırırdı. Ümummilli lider xalqa bütün müraciətlərində olduğu kimi, hər Novruz müraciətində də misilsiz inam aşılayırdı. Çünki bu dahi şəxsiyyət Novruzun mahiyyətinə, onun milli birliyimizi simvolizə etməsinin qatlarına dərindən bələd idi. Hələ sovetlər birliyi dönəmində Novruz bayramının yenidən xalqımıza qaytarılmasında, hər il mart ayında təntənə ilə qeyd olunmasında, ümumən, Azərbayca milli-mədəni hərəkatının tərkib hissəsinə çevrilməsində müstəsna rol oynamışdı. Sonrakı illərdə cənab Prezidentimiz İlham Əliyev də bütün çıxışlarında torpaqlarımızın işğaldan azad ediləcəyini və Novruz tonqallarının həmin ərazilərdə qalanacağını deyirdi. Bu sözlərin hamısı artıq yerinə yetirilib.
Novruz bayramının dünya miqyasında tanıdılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidməti vardır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Ən ibrətamiz məsələlərdən biri ondan ibarətdir ki, Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə çoxlu ağac əkilir. Bu, ekologiyanın qorunması istiqamətində örnək olan bir addımdır. Prezident İlham Əliyevin bayram tədbirlərindəki çıxışlarında səsləndirdiyi fikirlər də gələcək üçün məsuliyyət çağırışı ilə yanaşı, eyni zamanda, liderin öz xalqına dilək və duası idi. Ölkə rəhbərimiz bildirmişdir ki, biz bu gün doğma Qarabağ torpağında, doğma zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq.
Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə, iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
44 günlük Vətən müharibəsindən sonra 2021-ci il martın 20-də Şuşa şəhərinin Cıdır düzündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır… Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik… Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.
30 ildən çox idi ki, Xankəndi erməni separatçılarının nəzarətində idi. 30 il idi ki, doğma Qarabağımızın həsrətindəydik. Ən böyük arzumuz bu torpaqlara qayıtmaq idi. Hər il Novruz bayramında da əsas arzumuz bu idi iki, inşallah növbəti il bayramı doğma Qarabağımızda qeyd edək. Şükürlər olsun ki, bu arzumuz da gerçəkləşdi. Bizə bu qüruru, bu sevinci müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla şanlı Ordumuz, qəhrəman hərbçilərimiz yaşatdı. Bu torpaqlar şəhidlərimizin qanı ilə sulanıb. Bizim doğma Qarabağa qayıtmaq arzumuzun gerçəkləşməsi üçün onlar canlarını qurban verdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Həqiqətən də, ordumuz əsl qəhrəmanlıq salnaməsi, dastanı yazdı. Hərbçilərimizin qəhrəmanlığının nəticəsində vaxtilə işğal altında olmuş bütün torpaqlarımızda bu gün Novruz tonqalı yandırılır. Artıq bu torpaqlar öz sahiblərinin qayıdışına sevinir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı