21 Noyabr 2024

Norveç İsrailə XƏBƏRDARLIQ ETDİ

İsrailin Livan ərazisinə cavab zərbələri bütün Yaxın Şərqdə sabitliyi poza bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde deyib.

Onun sözlərinə görə, eskalasiya və ya cavab zərbələri bütün Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər:

“Son 24 saat Yaxın Şərqdə vəziyyətin nə qədər kövrək və ciddi olduğunu bir daha nümayiş etdirdi. Mən regionda baş verən proseslərdən çox narahatam. İsrail və “Hizbullah” arasında münaqişənin kəskinləşməsi münaqişədə dönüş nöqtəsinə çevrilə bilər”.

O, qarşıdurmanın bütün iştirakçılarını, region ölkələrinin liderlərini, həmçinin İsrail və “Hizbullah”ın müttəfiqlərini təmkin nümayiş etdirməyə və vəziyyətin böyük regional müharibəyə çevrilməməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.

 Eyde vurğulayıb ki, birinci əsas vəzifə Qəzza zolağında qarşıdurmaya dərhal son qoymaq və atəşkəs yaratmaqdır.

Qeyd edək ki, iyulun 27-si axşam saatlarında Livandan İsrailin şimalı raket atəşinə tutulub. Raketlərdən biri həmin vaxt uşaqların olduğu Məcdəl Şəmsdəki futbol meydançasında partlayıb. Nəticədə 12 nəfər həlak olub, daha 40-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidentdə “Hizbullah” hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.